Şagirdlərimiz Qız qalası və Şirvanşahlar saray kompleksində ekskursiyada oldular

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəbin 7-8-ci sinif şagirdləri müəllimləri Fətiyeva Könül və Ağayeva Səidə ilə birlikdə Bakının ən böyük və əsrarəngiz abidəsi olan Qız qalası və Şirvanşahlar saray kompleksində ekskursiyada oldular. Şagirdlər bu möhtəşəm və sirli abidəni gəzdikcə ürəkləri qürur hissi ilə dolurdu. Bələdçinin verdiyi məlumatları diqqətlə dinləyirdilər. Tarix dərsindən öyrəndikləri faktları əyani görə bilirdilər. Fəxr edirdilər ki, qədim abidəmiz YUNESKO-nun Ümumdünya irsi siyahısına düşmüşdür. Şirvanşahlar saray kompleksinə səyahət edən uşaqlar sanki sehirlənmişdilər. Burada saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları ilə tanış oldular. Bu qədim abidələri görmək uşaqlar üçün çox maraqlı oldu, onlar sanki keçmişə qayıtmışdılar. Qayıdarkən səfər təəssüratlarını öyrəndikdə hər biri öz razılığını, belə bir qədim kökə malik xalqın övladları olduqları üçün fəxr etdiklərini bildirdilər.