ŞƏHİD MƏZUNLARIN XATİRƏ ABİDƏSİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ

 Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin şəhid məzunlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş abidə kompleksinin təntənəli açılış mərasimi keçirilib.

Kompleksin açılış mərasimində əvvəl məktəbin həyətində Vətən Müharibəsi ilə bağlı təşkil olunmuş sərgiyə baxış olub, abidəsi ucaldılmış 10 şəhidin hərəsinin adına ağac əkilib.
 
Nizami Rayon İcra Hakimiyyəti və Missiya Media Qrupunun birgə dəstəyi ilə inşa edilmiş abidə kompleksinin açılış mərasimində şəhid ailələrinin üzvləri, qazilər, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, İcra Hakimiyyətinin məsul şəxsləri, millət vəkilləri Elman Nəsirov, Məlahət İbrahimqızı, Türk Ağsaqqalları Birliyinin (TAİB) sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev, Bakı Şəhər Baş Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Milli Qəhrəman Ərəstun Mahmudovun qızı Mehriban Mahmudova, Missiya Media Qrupunun təmsilçiləri, Respublika Xatirə kitabının baş redaktoru Kəmalə Məmmədova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 
 
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb, daha sonra Missiya Media Qrupu tərəfindən hazırlanmış “Zəfərə aparan yol” adlı film nümayiş etdirilib. 
 
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Lətifə Əzimova Azərbaycan xalqının Qarabağ uğrunda apardığı mübarizədən danışıb. Direktor bildirib ki, Vətən Müharibəsindəki qələbəmizin kökündə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, həmçinin təhsil ocaqlarında vətənpərvərliklə bağlı aparılan sistemli iş dayanır.
 
Sonra abidənin açılış mərasimi keçirilib. Qonaqlar tərəfindən abidənin önünə tər güllər düzülüb. Məktəbin hərbi geyimli şagirdlərinin 10 şəhidin həyat yolundan bəhs edən təqdimatının ardınca söz çıxışçılara verilib.
 
Çıxış edənlər şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən qayğı və diqqətdən, onların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən proqramlarda söz açıb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərə doğma münasibət bəsləməsinin hamıya nümunə olduğunu vurğulayıblar. 
 
Abidəsi ucaldılmış şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər. 
 
Daha sonra qonaqlar şagirdlərin təşkil etdiyi bədii hissəyə tamaşa ediblər.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi