Qəhrəmanlıq Allah vergisidir

Qəhrəmanlıq da, cəsarət də Allah vergisidir. Həyatda hamı qəhrəman olsaydı, öz dəyərini, qiymətini itirərdi bu söz. Qəhrəman olmaq üçün dar ayaqda ölümlə üz-üzə, göz-gözə dayanmalısan, lazım gəlsə şirin candan keçməyi bacarmalısan, həm də bütün bunların hamısını Vətən üçün, ana torpaq üçün, yüzlərlə, minlərlə insanın həyatını qorumaqdan ötrü etməlisən.
İndi haqqında söhbət açacağım Abdullayev İlkin Mübariz oğlu da belə qəhrəmanlardandır.
1997-ci il mart ayının 8-də Abdullayevlər ailəsində bir oğlan uşağı dünyaya gəldi. Qadınlar bayramı günündə dünyaya gəlişi, bəlkə də, tanrının ən böyük hədiyyəsi idi anasına. Fərqli heç bir xüsusiyyəti yox idi o vaxtlar. Yaşıdları kimi böyüyürdü, hamıya sakit görünən təbiətinin arxasında nələrin gizləndiyini heç kəs bilmirdi hələ.
2003-cü ilin sentyabrında 220 saylı məktəbin 1-ci sinfinə qədəm qoyub İlkin. Yenə qeyri- adiliyi ilə seçilməyib sinif yoldaşlarından. Bacardığı qədər dərslərini oxuyub, biliklərə yiyələnib. Amma hərbiyə olan həvəsi onu digər yoldaşlarından fəqləndirib. Elə bu həvəs onu məktəbin “Şahin” hərbi idman oyunlarına qatılmağa sövq edib. 2013-cü ildə İlkin də tərkibində olmaqla həmin komanda respublika birincisi olub. Və bu qələbə bizim qəhrəmanımızın hərbidə qazanacağı uğurların başlanğıcı olub yəqin ki.
2014- cü ildə orta məktəbi bitirən İlkin Azərbaycan Kooperasiya Universitetinə qəbul olub. Ali təhsilini tamamladıqdan sonra Tərtərdə hərbi xidmət keçib. Və bütün ailə, qohumları sevinib ki, bu gənc oğlan artıq Vətənə olan borcunu ləyaqətlə yerinə yetirib. Təkcə özü fikirləşirdi ki, bu borc hələ bitməyib, nə qədər ki Qarabağ torpağı azad deyildi, düşmənlər orada at oynadırdılar, İlkin kimi oğullar sakit yaşaya bilməzdilər.
Və o gün gəlib çatdı. Dünənə kimi heç kəsdən fərqlənməyən İlkin Mübariz oğlu Abdullayev həmin gün çoxlarından seçildi. 2020-ci il sentyabrın 29-da ilk çağırışa qoşulanlardan oldu. Torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə yollandı. Füzuli, Cəbrayıl, Xocəvənd istiqamətdə bütün döyüşlərdə mərdliklə vuruşub. Torpaqlarımız uğrunda canından belə keçməyə hazır olan qəhrəmanımız oktyabrın 15-də Hadrut istiqamətində düşmənin müdafiə xəttini keçərkən ayağından yaralanıb.
Bu gün qazi olduğuna heç də peşman deyil İlkin, hətta təəssüf edir ki, sona qədər döyüşə bilməyib. Amma deyir ki, nə yaxşı ki, torpaqlarımızın azad olunmasında mənim də payım var. Biz isə deyirik: Nə yaxşı, sənin kimi oğullar var, İlkin!. Sizlər olmasaydınız, bu gün Şuşada musiqi festivalı keçirilərdimi?
Bu gün İlkinin heç kimdən umacağı heç nə yoxdur. Yalnız bir daha müharibə olmamasını istəyir, insanların azad, mehriban yaşamağını arzu edir.
Vətən torpağı sənin kimi oğullarla fəxr edır, əziz şagirdimiz! Allah torpaq üçün canından keçmiş şəhidlərimizə rəhmət eləsin, sizlərə isə can sağlığı versin!