ŞƏHİDLİK ZİRVƏSİ

"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" fəaliyyət planına uyğun olaraq məktəbdə " Şəhidlik zirvəsi" guşə və xatirə lövhəsi yaradılmışdır. Guşənin açılışına məktəbin məzunu olmuş Vətən müharibəsi şəhidi Həsəli Alı Nofəl oğlunun anası Ramilə xanım, bacısı Fidan xanım , sinif yoldaşları, məktəbin məzunu olmuş qazilər dəvət olunmuşdu. Karantin rejimi qaydalarına uyğun olaraq təşkil olunmuş açılışda şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Lətifə Əzimova çıxış edərək qonaqları salamladı, Vətən uğrunda canını qurban verən şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd etdi. Şəhid Alı Həsəlinin anası çıxış edərək oğlunun ölmədiyini, onu sevənlərin xalqın qəlbində daim yaşayacağına əmin olduğunu bildirdi. Alının ilk müəllimi Mehriban müəllim, yuxarı siniflərdə sinif rəhbəri olmuş İzahət müəllim, gənclərin çağırışa qədərki hazırlıq müəllimi Mübariz müəllim, sinif yoldaşları çıxış edərək Alı haqqında xatirələrini danışdılar. İstedadlı şagirdlər şəhidlərimizə, müzəffər ordumuza həsr olunmuş şeir və ifaları ilə açılışa qatıldılar.
Tədbirdən sonra məktəbyanı ərazidə şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasında 100-ə yaxın ağac əkildi.