Əlvida, məktəb!

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür. Uşaqlığın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə hər kəsin qəlbi sızıldayır, ürəklərin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir.
Hər il iyun ayının 14-ü ölkəmizdə “Son zəng” günü qeyd olunur. Məktəblərdə bir canlanma, şagirdlərdə sevinc dolu bir nisgil hiss olunur. Onbirincilər bu günə xüsusi olaraq hazırlaşırlar. Şeir axtarıb tapan kim, mahnı yazdıran kim, ssenari quran kim…
Bu il isə hər şey bir az fərqli, bir az hüznlü oldu. Yanlarında ola bilməsək də, onları diqqətdən kənar qoymadıq.
Bu gün 220 saylı məktəb-liseyin XI siniflərinə virtual son zəng təşkil etdik. Zoom proqramı ilə təşkil olunmuş "Son zəng"də məktəbin direktoru Lətifə Əzimova, direktor müavinləri Mehriban Məmmədova, Laləzar Məmmədova, Günel Quliyeva, Elza Bağırzadə,11- ci siniflərin sinif rəhbərləri, ibtidai siniflərdə onlara dərs keçmiş müəllimlər, uşaqların valideynləri iştirak edərək məzunlarımıza ürək sözlərini dedilər.
Tədbirdə şagirdlərimiz də çıxış etdilər, hislərini bizimlə bölüşdülər, müəllimlərinə təşəkkürlərini bildirdilər. Duyğulu anlar yaşandı, kövrələnlər çox oldu.
Yolunuz açıq olsun, əziz məzunlar!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi