Beynəlxalq açıq dərs

Bu gün saat 15.00-da Microsoft Teams üzərində 6 dövlətin şagirdlərinin iştirak etdiyi “İnternational Open Lesson” layihəsi reallaşdı. Bura Qazağıstan, Kosova, Gürcüstan, Latviya və Bolqarıstan dövlətlərinin seçilmiş məktəblərinin şagirdləri qoşuldu. Şagirdlər ingilis dilində öz ölkələri, adət-ənənələri, maddi, milli və mənəvi dəyərləri haqqında təqdimat etdilər. Azərbaycanı bu layihədə 220 nömrəli məktəb-liseyin 3 şagirdi- Aysel Məmmədova 8 “X”, Pərviz Fərzəliyev 8 “R”, İnci Hacızadə 8 “R” təmsil etdilər. Dərsin sloqanı belə idi: "Crossing the borders with Microsoft Teams" (Sərhədləri Microsoft Teams ilə aşaq). Şagirdlərimizin bu layihədə iştirakı qürurvericidir. Bu şagirdlərin təqdimat üçün hazırlanmasında, lap aşağı siniflərdən onlarda dil bacarığının, gözəl tələffüzün, səlis nitqin formalaşmasında məktəbimizin ingilis dili müəllimi, eTwining səfiri Ofeliya Qafarovanın əməyi danılmazdır. Şagirdlərimiz Azərbaycanı 10 slaydlıq təqdimat əsasında tanıtdılar. Bura ölkəmizin coğrafiyası, iri şəhərləri, mədəniyyəti, iştirak etdiyi beynəlxalq layihələr və s. aid idi. Sevindirici haldır ki, dərsi idarə edən Qazağıstanlı aparıcı bizim şagirdlərin təqdimatını üzündə xoş bir təbəssümlə qarşıladı və bəyəndiyini “great presentation“ ifadəsi ilə bildirdi. Dərs saat 17.00-a qədər davam etdi. Sonda müxtəlif ölkələrin şagirdləri bir-birinə maraqlı suallar ünvanladılar, fikir mübadiləsi apardılar.