Valideynin məktəbdə bir günü

Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri ilə həyata keçirilən “Valideynin məktəbdə bir günü” layihəsi bu tədris ili üçün 220 nömrəli məktəb-liseydə 17.12.2019-cu il tarixində reallaşdı. Valideynlər məktəbin foyesində məktəb rəhbərliyi tərəfindən qarşılandı. Məktəbin binası, akt zalı, idman zalı, kitabxanası, sinif otaqları, fənn kabinetləri ilə tanışlıq zamanı, onlar şagirdlərin təqdimatında məktəbin adını daşıdığı Milli Qəhrəman Ərəstun Mahmudov haqqında və 220 nömrəli məktəb-liseyin ötən tədris ilində imza atdığı uğurlar haqqında çıxışlar dinlənildi. Daha sonra valideynlər övladlarının təhsil aldıqları siniflərdə dərsdinləmələrdə iştirak etdilər. Dərslər bitdikdən sonra valideynlər akt zalında toplaşdılar. Məktəbin direktoru Lətifə Əzimova, təlim-tərbiyə işləri üzrə direktor müavini Mehriban Məmmədova, tərbiyə işləri üzrə direktor müavini Günel Quliyeva və “ Məktəblinin dostu” layihəsinin məktəb üzrə kuratoru Orxan Yusiflinin iştirakı ilə səmimi bir şəraitdə valideynlərlə görüş keçirildi. Onların arzu və istəkləri, problemləri dinlənildi. Onları narahat edən və maraqlandıran bəzi məsələlərə rəhbərlik tərəfindən aydınlıq gətirildi.