Onlar qürur mənbəyimizdir! Cəsur snayperçi – Taleh Süleymanov

Süleymanov Taleh Vidadi oğlu, 2010-ci ildə Binəqədi rayonu 217 nömrəli tam orta məktəbi bitirmişdir. Hərbi xidmətini uğurla başa vurduqdan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olur. Burada ali təhsilini başa vurduqdan sonra Talehin ürəyində hərbiçi olmaq istəyi baş qaldırır. Dövlət Sərhəd xidmətinə müraciət edir və gizir rütbəsi ilə işə təyin olunur. Bir neçə ay Hava limanında, Biləsuvar rayonunda nəzarətçi kimi fəaliyyətini davam etdirir. 2020-ci il sentyabrın 8-dən hərbi təlimlərə qoşulur, və bu təlimlərdə fəal iştirak edir.Təlimlər zamanı xüsusi təyinatlı snayperçi kimi fəaliyyət göstərir. Sentyabrın 27-də II Qarabağ müharibəsinin başlanması ilə əlaqədar olaraq, komanda yoldaşları ilə birgə cəbhəyə yollanırlar. Əvvəl Kəlbəcər, sonra isə Füzuli, Horadiz, Cəbrayıl, Zəngilan rayonlarının azad olunmasında şücaət göstərir, düşmənin ən qorxulu röyasına çevrilir. Taleh 44 günlük müharibədə əsl qəhrəmanlıq göstərdi. Ölkə başcısı cənab Ali Baş Komandanın əmri ilə Cəbrayılın, Zəngilanın azad olunması uğrunda, və “Vətən uğrunda” , “II Qarabağ müharibəsi veteranı” medalı ilə təltif olunmuşdur. Taleh hal-hazırda hərbi xidmətini uğurla davam etdirir. Cəsur snayperçi, fəxrimiz Taleh Süleymanova uğurlar arzu edir, qəhrəman oğlumuza gələcək həyatında ,azad Azərbaycanın çiçəklənməsi yolunda daha böyük nailiyyətlər diləyirik!