Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov

     2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.

     Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi ilə bağlı onlayn tədbirlər keçirilir. 210 №-li tam orta məktəb şagirdləri Əhmədiyyə Cəbrayılovun həyatını və döyüş yolunu həsr etdirən maraqlı təqdimat hazırlayıb təqdim etdilər.

     Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov  İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası.

     Əhmədiyyə Cəbrayılov 22 sentyabr1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"lar ilə təltif olunmuşdur.

     1935-ci ildə Şəkidə Kənd təsərrüfatı texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olur. 1938-ci ildə buranı Aqronomiya ixtisası üzrə bitirir və növbəti illərdə Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama rayonları zonasında ipəkçi kimi işləyir. 1940-cı ildə Kommunist Partiyasına daxil olur.

Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

     Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.

25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır. Burada o, vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.

1947-ci ildə Sürəyya xanımla ailə qurur, 1948-1962–ci illərdə bu nikahdan 7 uşaq dünyaya gəlir. 1964-cü ildə Kirovabad Kənd Təsərrüfatı İnstitutunda yarımçıq qalmış təhsilini davam etdirir.

     1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirmiş və o, Moskvaya çağrılmışdır. 1968-ci ildə Sovet hökuməti tərəfindən "vətən xaini" adı onun üstündən götürülür və bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurduqdan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunur.

     1994-cü il 10 oktyabrda Əhmədiyyə Cəbrayılov Şəkidə yol qəzası zamanı həlak olur. Yük maşını telefon budkasına çırpılır, həmin an Əhmədiyyə budkanın içində olur. O, Oxud kənd qəbristanlığında dəfn edilir. 1998-ci il 15 oktyabrda Fransa Müqavimət hərəkatının könüllü döyüşçüsü Əhmədiyyə Cəbrayılova ölümündən sonra Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomu verilir. Həmin il Əhmədiyyə Cəbrayılovun döyüş yoldaşı Rene Şambar Şəkidə onun ailəsinə baş çəkir.

     11 avqust 2020-ci ildə Azərbaycan prezidenti Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi