186 №-li tam orta məktəb şəhid məzununu andı

Ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də, 186 №-li tam orta məktəbin məzunu Sarvan Mehralıyev oldu. Xocalı şəhərindən məcburi köçkün düşmüş və hal-hazırda Pirallahı rayonunda müvəqqəti məskunlaşmış Mehralıyev Sarvan Natiq oğlu 8 iyul 1997-ci ildə anadan olub, Bakı şəhəri, Pirallahı rayonu, 186 №-li tam orta məktəbin 2014-cü il məzunudur. 1996-cı ildə anadan olmuş qardaşı – Mehralıyev Namiq Natiq oğlu da 186 №-li tam orta məktəbi bitirmişdir. Hər iki qardaş – Namiq və Sarvan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi tərəfindən 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmış və hər ikisi cəbhə xəttində, “N” saylı hərbi hissədə xidmətə başlamışlar. Xidmətdə olduqları 10 ay müddətində nümayiş etdirdikləri nizam-intizama, bir neçə dəfə mühüm hərbi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiklərinə görə fəxri fərman və təşəkkürnamə ilə təltif ediliblər. Aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən hər iki qardaş qaynar döyüş gedən ön mövqedə döyüşüblər. Düşmənin təhlükəli atəş nöqtəsini susdurmaq üçün ilk olaraq böyük qardaş Namiq irəli atılıb. Lakin onun polad dəbilqəsinə dəyən snayper gülləsi Namiqin irəliləməsinə mane olub. Daha sonra onların bir döyüş yoldaşı eyni əməliyyatı yerinə yetirməyə çalışsa da, qolundan yaralanıb. Nəhayət üçüncü cəhddən bu mühüm döyüş tapşırığını Sarvan yerinə yetirir və mənfur düşmənin xain gülləsinə tuş gələrək şəhid olur... Şəhid Sarvan Natiq oğlu Mehralıyev 3 aprel 2016-cı il tarixdə Ağdam rayonu, Ballar yaşayış məntəqəsində, böyük bir izdihamın müşayiəti ilə kənd qəbristanlığında torpağa tapşırıldı... Aprelin 4-də 11 il təhsil aldığı 186 №-li tam orta məktəbdə Sarvan Natiq oğlu Mehralıyevin və cəbhədə qəhrəmancasına şəhid olmuş şəhidlərimizin əziz xatirələrini anmaq məqsədilə törən təşkil edildi. Pirallahı Rayon İcra Hakimiyyətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Pirallahı rayonu üzrə sektorunun, Qarabağ əlillərinin və müharibə veteranlarının, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin, rayon ictimaiyyətinin nümayəndələrinin, şəhidin sinif yoldaşlarının iştirakı ilə keçirilən tədbirdə şəhid Sarvan Mehralıyev dərin hüzn, eyni zamanda böyük qürur hissi ilə anıldı. 186 №-li tam orta məktəbin direktoru Arif Xankişiyev, Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüsal Babayev, Dövlətqaçqınkomun Pirallahı rayonu üzrə sektor müdiri İlqar Məmmədli, 186 №-li tam orta məktəbin direktor müavini və şəhidin qohumu Həcər Ramazanova, Qarabağ müharibəsi veteranı Mübariz Xudaverdiyev və digər çıxış edənlər Sarvanın keçdiyi qısa, lakin dərin mənalı, bir çox nəsillərə örnək ola biləcək həyat yolundan geniş söhbət açdılar, Allah, vətən və millət yolunda canından keçən şəhidlərin ən yüksək məqama, şərəfli bir zirvəyə yüksəldiklərini vurğuladılar. Bildirildi ki, öz canları və qanları hesabına Azərbaycana azadlıq və müstəqillik qazandıran ataların və babaların qəhrəmanlıq yolunu davam etdirən Sarvan məktəbin bütün tədbirlərində fəal iştirak edən intizamlı bir şagird, hər an ehtiyac duyana köməyə gəlməyə hazır olan etibarlı bir dost, bir çox yarışlarda uğur qazanmış məharətli bir idmançı, Vətəni böyük məhəbbətlə sevən igid bir gənc olmuşdur. Sinif yoldaşları onunla fəxr etdiklərini, Sarvanla bir sinifdə oxuduqları üçün qürur duyduqlarını, Ali Baş Komandanın əmri olarsa, Sarvanın qəhrəmanlığını təkrarlamağa hazır olduqlarını dilə gətirdilər. Şəhidin döyüş yolundan ətraflı danışan qardaşı Namiq Mehralıyev buradan birbaşa cəbhə bölgəsinə qayıdacağını, döyüş dostları ilə birlikdə Sarvanın qisasını yağı düşməndən onqat çıxacağını vurğuladı, bütün Pirallahı gənclərini Sarvandan nümunə götürməyə, Vətəni Sarvan kimi sevməyə, ali məqsədlər uğrunda, müqəddəs amallar uğrunda döyüşə hazır olmağa çağırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi