Səninlə qürur duyuruq!

   Vüsal Sübbuh oğlu Babayev 8 yanvar 1992-ci ildə anadan olub, tərbiyəsi, sakitliyi, iti zehni  ilə yaşıdlarından həmişə seçilib. O, 1999-cu ildə məktəbin 1-ci sinfinə daxil olub. Müəllimləri onu dərslərinə bağlı, savadlı məktəbli kimi xatırlayırlar. Musiqi dərsində sinif yoldaşları sıra ilə hərə bir mahnı oxuyub. Vüsala növbə çatanda isə o, dövlət himnimizi ifa edib.

   Vüsal Babayev uşaq vaxtlarından dövlət bayrağımıza, himnimizə, gerbə, millətinə, Vətənə bağlı vətənpərvər bir oğul olub. 2010-cu ildə  məktəbin 11-ci sinfini bitirib. Vətənpərvərlik ruhu, torpaqlarımızın azadlığı arzusu onun gələcək taleyini müəyyənləşdirib və Vüsal elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Hərbi məktəbdə oxuyan zamanlarda da Vüsal tərbiyəsi, savadı,  məsuliyyəti və səriştəsi ilə fərqlənib. 2014-cü ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirib. Daha sonra baş leytenant rütbəsinə layiq görülüb. Həmin il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olub. 2015-ci ildə Yerüstü artilleriya taqım komandiri kursunu bitirib.

     2015-ilin iyul ayının 24-də ailə həyatı qurub. 2017-ci ildə Selcan adlı ilk qız övladı dünyaya gəlir. 2019-cu ildə yanvarın 4-ü ikinci dəfə ata olur. Balaca Rüqəyyə bu xoşbəxt ailəyə daha bir sevinc yaşadır. 

     2015-ci ildə Goranboy rayonunda “N” saylı hərbi hissədə, sonuncu dəfə isə 2018-ci ildə  Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində ağır artilleriya hissəsində komandir vəzifəsində xidmət göstərib. Xidmət müddətində əsgərlərinin, iş yoldaşlarının sevgisini, rəğbətini qazanıb. Əsgərlərə qarşı tək komandir deyil, həm də ata münasibəti göstərərək hər zaman onların qayğısına qalıb. Bu müddətdə məsuliyyətli, peşəkar hərbçi, mütəxəssis kimi Fəxri fərman və medalla təltif olunub.

   Vüsal bir çox hərbi təlimlərdə də iştirak edib. 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başlayan kimi, Vətəni canından artıq sevən cəsur zabit öz vəzifə borcunu yerinə yetirmək üçün ön cəbhəyə yollanır. Cəsur komandir, nümunəvi ailə başçısı Vüsal Babayev  2020-ci il oktyabrın 21-i Füzuli rayonunun Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas edərkən yanına mərmi düşməsi nəticəsində qəhrəmancasına ən ali məqama - Şəhidlik zirvəsinə ucalır.

   Bu gün cəsur qəhrəmanımızdan bizə yadigar qısa, lakin şərəfli ömür yolu, özü kimi qeyrətli, onun və bütün şəhidlərimizin xatirələrinin yaşadılması üçün çalışan, kövrək olduğu qədər də iradəli ömür-gün yoldaşı Aynur xanım, bir də iki körpə incilər-3 yaşlı Selcan və 1 yaşlı Rüqəyyə yadigar qalıb.

   Vüsal Babayev həmişə məktəbin məzunu, qəhrəman şəhidimiz kimi, qəlbimizdə yaşayacaqdır.

   Allah Şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölməz, Vətən bölünməz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi