VƏTƏN SAĞ OLSUN!!!
Dünən Binəqədi qəsəbəsində şəhid Bağırov Emin İmran oğlunun dəfn mərasimi keçirilib. Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları Azay Quliyev və Madər Musayev, Müdafiə Nazirliyinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, rayonun hüquq mühafizə orqanları, rayonun müəssisə və təşkilatları, 182 №li məktəbin kollektivi, İctimai Şuranın üzvləri, ictimai birliklər, birinci Qarabağ müharibəsinin iştirakçıları, YAP Binəqədi rayon təşkilatının fəalları, gənclər o cümlədən, rayon sakinləri iştirak ediblər. Qeyd edək ki, şərəfli ölümü ilə adını tarixə yazdıran Emin Bağırov məktəbimizin məzunudur. Elə məktəb illərindən vətənpərvər ruhu ilə seçilən Emin müəllimlərin və şagird kollektivinin sevimlisi olmuşdur. Şəhidlik zirvəsinə ucaldıqdan sonra isə həm onu tanıyanların, həm də tanımayanların qəlblərində özünə yer tapdı. Bu gün məktəbimizdə 1 dəqiqəlik sükutla şəhidin əziz xatirəsi anıldı. Məktəbin direktoru Tağıyeva Zinyət, təlim-tərbiyə işləri üzrə direktor müavini Hümbətov Qoşqar, sinif rəhbəri Abdullayeva Mirxanım çıxış etdilər. Şagirdlər tərəfindən "Şəhidlər ölməz, Vətən bölünməz", "Vətən sənə canım fəda" şüarları səsləndirildi. Unutmayaq, ŞƏHİD VARSA, VƏTƏN VAR...