Olimpiada və müsabiqələrin qalibləri mükafatlandırılıb

Lütfi Zadə adına Məntiq Olimpiadası və Məktəblilərarası fənn müsabiqələri qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan Mehriban Vəliyeva son illərdə ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının inkişafı istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Azərbaycan təhsilinin yeni müstəvidə inkişafından danışan M.Vəliyeva istedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində respublikada Olimpiada hərəkatının genişləndiyini söyləyib.

M.Vəliyeva fərqlənən şagirdlərə uğurlar arzulayıb, onların gələcədə daha böyük müvəffəqiyyət qazanmaları üçün müsabiqə və olimpiadalarda iştirakın əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini diqqətə çatdıran M.Vəliyeva sabahın qurucuları olan uşaqların müasir problemlərin həllinə öz layiqli töhfələrini verəcəyinə inandığını qeyd edib.

Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində keçirilən müsabiqələrin vacibliyini vurğulayıb, şagirdlərin əldə etdikləri uğurların ölkənin gələcək inkişafındakı rolundan danışıb. 

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu tərəfindən bir çox olimpiada və müsabiqələrin təşkil edildiyini söyləyən F.Qarayev Respublika fənn olimpiadaları qaliblərinin ali məktəblərə müsabiqədənkənar, beynəlxalq olimpiada qaliblərinin ölkə ali məktəblərinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olmaq şansı əldə etdiklərini, həmçinin fənn müsabiqələri qaliblərinin Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzinə cəlb olunduğunu, onların müvafiq təmayüllər üzrə lisey və gimnaziyalara müsabiqədənkənar qəbul olduqlarını nəzərə çatdırıb.

Çıxış edən məktəblilər olimpiada və müsabiqələrin təşkilatçılarına təşəkkürlərini bildirib, onların yetişməsində  əməyi keçən müəllimlərə  minnətdarlıqlarını ifadə ediblər.

Sonda müsabiqə və olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində Lütfi Zadə adına Məntiq Olimpiadasında Bakı şəhəri üzrə 30 şagird qalib olub. Onlardan 8-i qızıl, 7-si gümüş, 15-i bürünc medal qazanıb. Məktəblilərarası fənn müsabiqələrində isə Bakı üzrə 121 şagird qalib olub. Onlardan 23-ü qızıl, 39-u gümüş, 59-u bürünc medal qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi