Vətən müharibəsi şəhidləri məktəbdə anıldı
Bu gün məktəbdə Anım günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məktəbin 1 “L” sinif rəhbəri Çinarə Nuxievanın təşkilatçılığı ilə təşkil olunan tədbirdə birincilər əsgər geymində maraqlı kompozisiya nümayiş etdiriblər.
Tədbirdə çıxış edən məktəbin direktoru Ziniyət Tağıyeva 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq qələbədən danışıb. Direktor üzünü birincilərə tutaraq İkinci Qarabağ müharibəsində Azərbaycan əsgəri və ordusunun qəhrəmanlığını, mübarizliyini və rəşadətini heç vaxt unutmamağı tövsiyə edib: "Rəşadətli ordumuzun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib. Çox kiçik olsanız da bu şanlı tarixi qələbəni canlı gördüyünüz - yaşadığınız üçün fəxr etməlisiniz”. Məktəbin direktor müavini, tarixçi Qoşqar Hümbətov isə 44 günlük müharibəni xronoloji ardıcıllıqla birincilərə danışıb. Qeyd edib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.
Xatırladaq ki, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı tədbirlər planı”na və Təhsil İdarəsinin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Anım Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, dəyirmi masalar, açıq dərslər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.