9 noyabr Bayraq günü münasibəti ilə “Dalğalan Bayrağım” adlı tədbir keçirilib

     08 noyabr 2019-cu il tarixdə158 №-li tam orta məktəbdə 9 Noyabr Dövlət Bayraq Günü və 12 Noyabr Konstitusiya Günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə müəllim-şagird heyəti iştirak etdi. Bayram tədbiri Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Giriş sözü ilə tədbiri açan direktorun tərbiyə işləri üzrə müavini  Qabil Nəsibov tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik etdi.

     Məktəbin tarix müəllimi Aydan Xubyarova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən biri Dövlət Bayrağıdır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə, himnimizə ehtiram göstərir və bunu özünün müqəddəs borcu kimi qəbul edir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan üçrəngli müqəddəs Dövlət Bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
     1990-cı il noyabrın 17-də üçrəngli bayrağımızın ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi təsdiqlənmiş, 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın Dövlət Bayrağı elan edilmişdir. A.Xubyarova çıxışında Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı günü kimi qeyd olunduğunu, məhz bu sərəncama uyğun olaraq hər il 9 noyabrın ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə keçirildiyini bildirdi.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Bakı şəhərində Dövlət Bayrağı Meydanının təntənəli açılışını etdiyini və bayrağımızı 162 metr hündürlükdə dalğalandığını vurğuladı.

     Sonra A.Xubyarova 12 noyabr Konstitusiya Gününün qəbul edilməsindən söhbət açaraq qeyd etdi ki, 90-cı illərin ortalarında köhnə sovet qanunları artıq müasir dəyərlərə cavab vermirdi. Demokratik islahatlar yeni konstitusiyanın tezliklə qəbul olunmasını tələb edirdi. 1994-cü ilin axırları 1995-ci ilin əvvəllərində Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının yaradılması ilə bağlı məsələ gündəmə gəldi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiyası təşkil edildi. Konstitusiya komissiyasının ilk iclasında layihədə ümumbəşəri dəyərlərin, xalqın tarixi keçmişinin və son illərin təcrübəsinin ciddi nəzərə alınması bir vəzifə olaraq qarşıya qoyuldu. Bu layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən ulu öndərin müəllifi olduğu ilk milli Konstitusiya 1995-ci ilin noyabrın 12-də referendum, ümumxalq səsverməsi ilə qəbul edildi.

     Azərbaycanın bu gün tam müstəqil siyasət yürüdüyünü, xalqımızın bu siyasətin real nəticələrinin canlı şahidi olduğunu qeyd edən natiq Dövlət Bayrağımızın yaxın zamanda Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızda dalğalanacağına əminliyini ifadə etdi.
     “Bayraq günü” ilə bağlı video çarxlar izlənildi. Tədbirdə şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnılar dinlənildi, rəqslərə tamaşa edildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi