Məktəbdə silsilə tədbirlər keçirilib

        158 №-li tam orta məktəbdə Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

       20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar məktəbin kitabxanasında müəllim və şagirdlərin iştirakı ilə “Dəyirmi masa” keçirilib. Tədbir iştirakçıları əvvəl faciəyə dair divar qəzetləri, stendlər, rəsm və inşa yazı müsabiqələrində fərqlənən işlərlə tanış olublar.

       Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. “20 Yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda çıxış edən məktəbin tarix müəllimi Mətanət Əliyeva faciə barəsində ətraflı məlumat verib. Məktəbin direktoru Mehriban Ələkbərova çıxışında həmin illərdə Azərbaycan xalqının mərd oğullarının göstərdiyi igidlik nümunəsinin gələcək nəsillərə nümunə olduğunu vurğulayıb. O, çıxışının sonunda qeyd etdi ki, bizlərə də şəhid qanı bahasına əldə etdiyimiz müstəqilliyimizi layiqli şəkildə qorumaq düşür. Tədbirdə 20 yanvar şəhidi Yusupov Oleq Kərim oğlunun baçısı məktəbin fizika müəllimi Şalxoşvili Natella qardaşı Oleqlə bağlı xatirələrini danışıb, şəhid ailələrinə dövlətimizin göstərdiyi qayğıdan bəhs edib. Tədbirin sonunda şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

       20 Yanvar faciəsinin otuzuncu ildönümü ərəfəsində məktəb rəhbərliyi, məktəblinin dostları və şagirdlər Şəhidlər xiyabanını ziyarət etdilər.

       20 Yanvar faciəsi ilə bağlı 11-ci sinif şagirdləri qarşısında məktəbin GÇHR Azər Bağırov “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda mühazirə ilə çıxış edib. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açılıb. Eyni zamanda, qeyd edilib ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi daxil olub. Mühazirənin sonunda tərbiyə işləri üzrə direktor müavini Qabil Nəsibov 20 yanvar faciəsinin baş vermə səbəblərindən və tarixi əhəmiyyətindən danışıb. Məktəblilərə bu tarixi heç vaxt unutmamaq tövsiyə edilib.

       Məktəbdə Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər davam edir.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi