20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11.01.2016-cı il tarixli 05 nömrəli əmrinə və həmin əmrlə təsdiq edilmiş "Tədbirlər Planı"na əsasən 151 nömrəli tam orta məktəb “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü"nün qeyd edilməsinə dair "Tədbirlər Planı" tərtib etmişdir. Tədbirlər Planına əsasən 20 Yanvar faciəsinə həsr olunmuş toplantılar keçirilmiş, divar qəzetləri buraxılmış, rəsm və stendlərdən ibarət guşə hazırlanmışdır. 18.01.2016-cı il tarixdə məktəbdə 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar “Milli qəhrəmanlarımız and yerimizdir” mövzusunda geniş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru K.Tanrıverdiyeva açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi. Məktəbin tarix müəllimi Quliyeva Arzu məlumat verdi ki, bu tarixdən 26 il keçməsinə baxmayaraq xalqımız o gecəni heç vaxt yaddan çıxarmayacaq. İllər keçsə də mənfur düşmənə qarşı nifrətimiz sonsuz olaraq qalacaqdır. Biz Azərbaycan adlanan əzəmətli ölkənin övladlarıyıq. Bu Vətəni qurub-yaradan babalarımızın davamçısı biz olmalıyıq. Biz onlar qədər Vətənin hər qarış torpağını sevməli, qədrini bilməli, ona layiq övladlar kimi böyüməliyik. Şəhərimizin ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-sində minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır! Tədbirdə Respublika Veteranlar Təşkilatının bölmə rəhbəri Adil Haqverdiyev, "Hərbi And" qəzetinin baş redaktoru Emin Həsənli, millixəbər.az saytının rəhbəri Zamin Zeynalov iştirak edirdilər. Qonaqlar da bu faicə ilə bağlı öz xatirlərini və fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər. Tədbirdə 2a, 5a, 7b, 8b və 9b sinif şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər, video çarxlar nümayiş etdirildi, vətənpərvərlik mövzusunda şeirlər və monoloqlar söylənildi, mahnılar ifa edildi.