Narkomaniya bəşəriyyətin bəlasıdır!
9 dekabr 2015-ci il tarixdə 151 nömrəli tam orta məktəbdə əvvəlki illərdə olduğu kimi, şagirdlər arasında maarifləndirməni daha da gücləndirmək məqsədi ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı tədbir keçirildi. Tədbirdə şagirdlərə narkomaniya, alkoqollu içkilər və bu kimi həyat üçün təhlükəli olan vərdişlər haqqında geniş məlumat verildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları: Vəfa İsmayılova, Vəfa Həsənbəyli, 5 nömrəli poliklinikanın baş həkiminin müavini Təranə Ağabalayeva, Nəsimi rayon Polis İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Vüsal Rüstəmov, Nəsimi rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlar üzrə şöbənin rəisi Faiq Sayadlı iştirak etdilər. Çıxış edən tədbir iştirakçıları "narkomaniya narkotiklərdən psixi və fiziki asılılıqdır, sonu ölümlə nəticələnən xəstəlikdir" söyləyərək gəncləri sağlam həyat tərzi keçirməyə, zərərli vərdişlərdən uzaq olmağa səsləmişlər. Məktəbin direktoru Kifayət Tanrıverdiyeva demişdir: Narkotik tələdir, bu tələyə bir dəfə düşən gəncin oradan çıxması çətin olur. Buna görə də narkotikdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Narkomanlıq uçuruma aparan yoldur." Məktəbin biologiya müəllimi C.İbrahimova bir daha yeniyetmələrə zərərli vərdişlərdən uzaq olmağı, valideynlərə isə ailədə məhəbbət, inam, təhlükəsizlik atmosferi yaratmaq, övladlarının qayğısı və problemləri, onun daxili aləmi ilə maraqlanmalarını tövsiyə etmişdir. Məktəbin foyesində rəsm müəllimi S.Əliyevanın rəhbərliyi ilə mövzu ilə əlaqədar çəkilmiş rəsmlərdən ibarət guşə təşkil edilmişdir. Sonda şagirdlərə “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı film nümayiş etdirilmiş və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1621 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planının 6.2.4-cü bəndinə uyğun olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış bukletlər şagirdlərə paylanmışdır. Unutmamaq lazımdır ki, Vətəni yalnız sağlam və güclü gənclərin xidmət etdiyi ordu qoruya bilər!