Gənclərə vətənpərvərlik tərbiyəsinin aşılanması
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi cəmiyyətin inkişafında mühüm yer tutur. Öz millətini sevən, millətinin tarixini, mədəniyyətini yaxşı bilən gənclik daima ölkəsinin inkişafına çalışır. Bu baxımdan gənclərə vətənpərvərlik hisslərinin aşılanması dövlətin də siyasətində mühüm yer tutur. Təsadüf deyil ki, bu istiqamətdə xüsusi dövlət proqramları həyata keçirilir. KİV-lərdə bu mövzuya yer verilir. Belə layihələrin həyata keçirilməsi isə öz növbəsində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində və onların asudə vaxtlarının səmərəli təşkil edilməsində mühüm rol oynayacaq. 29 noyabr 2015-ci il tarixdə məktəbimizin şagirdləri ilə müharibə veteranlarının görüşü keçirilmişdir. Görüşdə Respublika Veteranlar Təşkilatının Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev “Azərbaycanın ordu quruculuğu” haqqında geniş məruzə ilə çıxış etmişdir. O, Azərbaycan ordusunda aparılan islahatlar və ordunun maddi-texniki təchizatının yaxşılaşmasından danışmışdır. Güclü ordu dövlətin suverenliyinin zəmanətidir. “Abidələr hərbi vətənpərvərlik tərbiyəsində ən təsirli inkarolunmaz meyardır” adlı məruzə ilə vətən müharibəsi müdafiəçilərinin xatirəsini əbədiləşdirmək işləri üzrə komissiyanın sədri Babayev Telman Rəhim oğlu çıxış etmişdir. O demişdir: “Abidələr hər biri ayrı-ayrı dövrün, hadisələr, fəaliyyətlər və fərdlərin xalqa verdiyi töhfələrin, qəhrəmanlıqların rəmzi kimi ucaldılır." "Azərbaycan qadınları müharibə illərində" adlı mövzu ilə Respublika Veteranlar Təşkilatının veteranların sosial müdafiəsi şöbəsinin qadın veteranlarının məsələləri üzrə mütəxəssisi İbrahimova İradə Əliheydər qızı çıxış etmişdir. Müharibə illərində qadınların göstərdikləri qəhrəmanlıqlar, onların həyat tərzi və fəaliyyəti gənclərimiz üçün əsl nümunə və vətənpərvərlik məktəbidir. Veteranlar sonda bir daha çıxış edərək qeyd etmişlər ki, gənclərimiz unutmamalıdır ki, bu gün xalqımız çox qəddar düşmənlə üz-üzə dayanıb. "Biz, veteranlar, gənclərimizə güvənirik, onlar hər an vətənimizin şərəfini göz bəbəyi kimi qorumağa hazırdırlar."