Əlvida məktəb

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir.
Hər il iyunun 14-ü ölkəmizdə “Son zəng” günü qeyd olunur. Məktəblərdə bir canlanma, şagirdlərdə sevinc dolu bir nisgil hiss olunur. Onbirincilər bu günə xüsusi olaraq hazırlaşırlar. Şeir axtarıb tapan kim, mahnı yazdıran kim, ssenari quran kim…
Biz bu əziz gün münasibətilə bütün məzunları təbrik edir, arzu edirik ki, tələbə adına layiq görülüb öz əməlləri ilə Vətənimizin adını həmişə zirvələrə ucaltsınlar.