"Beynəlxalq Müəllimlər günü" münasibətilə rayonda bir qrup təhsil işçisi Fəxri Fərmanla təltif olundu
Oktyabrın 5-də Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi Rayon Komitəsi və Xəzər Universiteti “ Dünya məktəbi ”nin birgə təşkilatçılığı ilə “5 Oktyabr - Beynəlxalq müəllimlər günü”nə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin sədri Almaz Hacıyeva və rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin direktorları və nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən qonaqlar qeyd etdilər ki, müəllimlik peşəsinin məsuliyyətli, şərəfli, yüksək əqidəyə, mədəniyyətə, mənəviyyata malik olaraq daim düzgün vətəndaşlıq mövqeyi nümayiş etdirməlidirlər. Müəllimlərin uşaq və gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etdiyini, onları vətənin müdafiəsinə hazırladığını vurğulayaraq xalqın gələcəyinin müəllimlərin əsas silahı olan bilikdən asılı olduğunu vurğuladılar.
Daha sonra Beynəlxalq Müəllim Günü münasibətilə təhsil sahəsində qazandığı uğurlara və rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup təhsil işçisi Fəxri Fərman və hədiyyələrlə təltif olundular. Bu təltif içərisində Bakı şəhəri 143 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Dilarə Qasımovada iştirak edirdi.
Dilarə Qasımovanı əldə etdiyi nailiyyətə görə 143 nömrəli tam orta məktəbin işçi kollektivi adından ürəkdən təbrik edirik və qazandığı uğurların davamlı olmasını arzulayırıq.