“Qəhrəman ataların istedadlı övladları” adlı tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Qəhrəman ataların istedadlı övladları” adlı tədbir keçirilib.

Öncə Dövlət Himni səsləndirilib və Vətən şəhidlərinin əziz xatirəsi bir bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən Müharibəsi iştirakçıları, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) dərnək üzvləri, ictimaiyyət nümayəndələri, müəllimlər və şəhid övladları qatılıblar.

Tədbir 5 nömrəli UGİM tərəfindən “Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” layihəsi çərçivəsində şəhid övladlarının hazırladıqları əl işi və rəsmlərə baxış keçirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva Azərbaycan əsgərinin rəşadəti və xalqımızın birliyi nəticəsində 8 noyabr 2020-ci ilin şanlı tariximizə Zəfər Günü kimi daxil olmasından bəhs edib. M.Vəliyeva bildirib ki, Müzəffər  Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətini şanlı qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun Vətən Müharibəsindəki zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə dərsliklərimizə yeni mövzu gətirdi.

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu bildirən BŞTİ müdiri xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğulayıb. Dövlətimiz tərəfindən müharibə iştirakçıları olan qazilər və şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduğunu söyləyən İdarə müdiri onların məktəblilər üçün əsil örnəyə çevrildiyini qeyd edib.

Daha sonra akril və yağlı boyalarla zəfər salnaməsini kətan üzərinə köçürən şəhid övladlarına BŞTİ tərəfindən “Təşəkkürnamə” və hədiyyələr təqdim olunub.

Tədbir şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.

Qeyd edək ki, “Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” layihəsinin əsas məqsədi şəhid övladlarının çəkdikləri rəsmlərlə xalqımızın qəhrəman oğullarını bütün dünyaya tanıtmaq, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq və onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir.

Onu da qeyd edək ki, şəhid övladlarının çəkdiyi rəsm əsərləri Azərbaycan Rəssamlar İttifaqının xətti ilə dünyanın məşhur sərgi salonlarında nümayiş olunacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi