Biz dil öyrənməyi sevirik

14.05.2018-ci il tarixində məktəbdə “Xarici dil aylığı”na yekun vurularaq son tədbir keçirildi. Tədbirdə xarici dil müəllimləri ayrı-ayrı mövzularla şagirdlərin ifalarını nümayiş etdirdilər. İngilis dilində müəllimlərdən Məcidova Sevinc “Azərbaycan və Azərbaycanın ədəbi dünyası” “Azerbaijan and literary World of Azerbaijan’’ mövzusunda İdrisova Sevinc, Əliyeva Gülşən və Bağırova Amidə “We love English and our English teachers’’ “Biz ingilis dilini və ingilis dili müəllimlərimizi sevirik’’, rus dilində İskəndərova Nazilə “Azərbaycan”, “Xəzərim”, “Vətənim”, “Bakı” mövzusunda hazırladıqları kompozisiyaları şagirdlərin iştirakı ilə təqdim etdilər. Bu tədbirdə şagirdlər böyük səylə hazırladıqları musiqiləri , şeirləri , səhnəcikləri, rəqsləri nümayiş etdirdilər. “Azerbaijan and literary World of Azerbaijan’’ mövzusunda şagirdlər dahi şairimiz Nizami Gəncəvinin həyat və yaradıcılığına müraciət edərək onun “Xeyir və Şər “ poemasından tamaşa təqdim etdilər. Bu tədbirdə tanınmış şairlərimizdən olan Səməd Vurğunun “Azərbaycan”, “Şair nə tez qocaldın sən” və Bəxtiyar Vahabzadənin yaradıcılığından ”Azadlıq” şeirləri İngilis dilində təqdim edildi. Məktəbin direktoru Eldəniz Əkbərov çıxışında : Xarici dil bilməyin əhəmiyyətindən danışaraq məktəbdə rus və ingilis dillərinin yüksək səviyyədə tədris olunduğunu vurğuladı. Bildirdi ki, aylıq çərçivəsində xarici dil tədris edən müəllimlər müxtəlif siniflərdə nümunəvi dərslər keçirdib, şagirdlər divar qəzetləri hazırlayıb, viktorinalar təşkil olunub.
Direktorla bərabər tədbirdə iştirak edən tədris-hissə müdiri Qənirə Vəliyeva , müəllimlərdən Məhəbbət Mansurova, Bənövşə Bayramova tədbirdə əməyi olan müəllim və şagirdlərə təşəkkür edib gələcək fəaliyyətlərində uğurlar arzuladılar.