İdarə müdiri 20 Yanvara həsr olunmuş xüsusi dərsləri izləyib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərsləri izləyib.
Xalqımızın azadlıq mübarizəsinin şanlı mərhələsini şagird və müəllimlərlə müzakirə edən BŞTİ müdiri Mehriban Vəliyeva 20 Yanvar hadisələri zamanı xalqımızın qəhrəmanlığından danışıb.
20 Yanvar hadisələrinin tarixindən söz açan İdarə müdiri bu proseslərə hüquqi-siyasi qiymətin böyük dövlət xadimi Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb. Mehriban Vəliyeva Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhidlərin adını daim uca tutmasından, onların ailələrinin sosial müdafiəsinə xüsusi diqqət göstərməsindən bəhs edib.
İdarə müdiri Azərbaycan xalqının apardığı mübarizə tarixinin bizi 20 Yanvar hadisələrindən keçirib müstəqilliyə və zəfərə qovuşdurduğunu diqqətə çatdırıb. M.Vəliyeva 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı parlaq qələbədən bəhs edərək Vətəni sevmək, onu qorumaq, baş verən tarixi hadisələri unutmamaq və gələcək nəsillərə ötürmək üçün təhsil sahəsində mühüm işlər görüldüyünü bildirib.
20 Yanvar hadisələrinin xalqımızın zəfər yolunun başlanğıcı kimi mühüm tarixi və rəmzi mənaya malik olduğunu vurğulayan idarə müdiri “Heydər Əliyev İl”ndə şagirdlərin dövlətçilik tariximizə dair biliklərin öyrənilməsinə, xalqımızın şanlı mübarizə yoluna aid əsaslı məlumatlara yiyələnməsinə daha geniş yer verilməsinin əhəmiyyətini nəzərə çatdırıb.
Qeyd edək ki, “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən I-IV sinif şagirdləri üçün “20 Yanvar şəhidləri”, V–IX sinif şagirdləri üçün “20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri”, X–XI sinif şagirdləri üçün 20 Yanvarın bizə verdiyi vətəndaş dərsi” mövzularında dərslər keçirilib.