20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir
“20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin 13.01.2022-ci il tarixli F-14 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbimizdə də silsilə tədbirlərin, təşkilati işlərin icrasına başlanılmışdır. “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” başlıqlı seminar da bu silsiləyə aiddir. Seminar TİDM Yegane Dadaşovanın rəhbərliyi, tarix müəllimləri Anar Mustafayev və Cəmilə Abdullayevanın təşkilatçılığı əsasında baş tutdu. Çıxış üçün söz ilk olaraq Anar müəllimə təqdim olundu. O bu “qanlı tarixdən” bəhs edərək, 20 Yanvar faciəsindən 32 il ötdüyünü qeyd etdi. Həmçinin o bu faciənin Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu da seminar iştirakçılarının nəzərinə çatdırdı. Həmin günün Azərbaycan xalqının azadlıq mübarizəsini təcəssüm etdirdiyi də qeyd olundu. Cəmilə müəllimə də bu tarixin dəhşətindən, xalqın mübarizə əzmindən, fəda edilən canlardan bəhs edərək seminar iştirakçılarını məlumatlandırdı. Seminar zamanı videoçarxlar da təqdim olundu. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anıldı. Sonda çıxış üçün söz TİDM Yeganə Dadaşovaya və məktəbin direktoru Samirə Əliyevaya da təqdim olundu. Direktor, öz qəhrəman övladlarımızın əziz xatirəsini daim dərin ehtiramla yad edəcəyimizi, bu faciəni heç vaxt unutmayacağımızı qeyd edərək seminarı sonlandırdı.