Sağlam nəsil-parlaq gələcək layihəsi çərçivəsində maarifləndirici görüş

“Sağlam həyat tərzi. Sağlam qidalanma” mövzusunda maarifləndirilmə aparılıb
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri, Rəhilə Orucova adına 109 nömrəli tam orta məktəbdə müəllim və valideynlər üçün sağlam həyat tərzi və sağlam qidalanma üzrə maarifləndirici təlim təşkil olunub. Məktəbdə keçirilən təlimin məqsədi qeyri-infeksion xəstəliklərin əsas risk amilləri, zərərli vərdişlərin mənfi təsirləri və sağlam qidalanma barədə məlumatlılığın artırılması olub.
Məktəbin direktoru Gülnarə Bədəlova səhiyyə işçiləri tərəfindən aparılan maarifləndirilmənin, təqdim edilən müvafiq vəsaitlərin gənc nəslin sağlam böyüməsində və inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva sağlamlığın qorunması və möhkəmləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verərək bildirib ki, sağlam həyat tərzi barədə məlumatlılığın artırılması “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əsas hədəflərdən biridir.
İştirakçılara qeyri-infeksion xəstəliklərin əsas risk amilləri, sağlam həyat tərzinin strukturu barədə məlumat verilib, zərərli vərdişlərin, qeyri-sağlam qidalanmanın, fiziki passivliyin fəaliyyətə, təhsilə, yaradıcılığa mənfi təsirləri vurğulanıb. Gənc nəsildə sağlam davranışların erkən yaşlardan formalaşmasının vacibliyi, onların düzgün istiqamətlənməsində təhsil işçiləri və valideynlərin roluna dair sübutlu mənbələrə əsaslanan tövsiyələr verilib.
Səhiyyə Nazirliyi və İSİM tərəfindən müəllimlər, şagirdlər və valideynlər üçün hazırlanaraq istifadəyə verilən “Sağlam uşaq” portalı və mobil tətbiqi təqdim olunub, portalda sağlamlığın qorunması, sağlam həyat tərzi, sağlam qidalanmaya dair müxtəlif çeşiddə məlumatların yer aldığı bildirilib. Yekunda müəllim və valideynlərin sualları cavablandırılıb, səmərəli fikir mübadiləsi aparılıb.
Məktəbdə, həmçinin şagirdlərlə də görüş keçirilib, onlara zərərli vərdişlərdən uzaq olmaq, hər gün fiziki aktivliyə vaxt ayırmaq, sağlam qidalanmaq və gigiyena qaydalarına riayət etmək məsləhət görülüb.