Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür

Prezident İlham Əliyev 2016-cı il mayın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Dövlət başçısının 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə 5 may “Xalçaçı günü” peşə bayramı kimi təsis edilib.
Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var.
Xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ümummilli Liderimizin bizə bəxş etdiyi müstəqilliyimizin bəhrəsidir. Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi, respublikamızın şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür.
Qeyd edək ki, builki festival İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşüb.