HÜQUQLARIMIZ VƏ VƏZİFƏLƏRİMİZ

Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir. 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, “Dəyirmi masa”, seminar, müsabiqə və sərgilər təşkil olunur. “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir. Məktəbimizin ibtidai sinif müəllimi Arzu Eyvazova 3c şagirdlərinə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verdi. Bildirdi ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində respublikamızda bir sıra tədbirlər həyata keçirilir. Qeyd edək ki, məktəbimizdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.