Məktəb kollektivlərindən xeyriyyə aksiyaları

Ümumi təhsil müəssisələrinin kollektivləri də sosial yardımlaşma təşəbbüslərinə qoşulur, çoxsaylı xeyriyyə aksiyaları keçirirlər.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir sıra təhsil müəssisələrinin pedaqoji heyətinin, şagird və valideynlərin təşəbbüsü ilə ölkədə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi səbəbindən ehtiyacı olan ailələrə müxtəlif formada yardımlar edilir. Z.Məmmədov adına 103 nömrəli tam orta məktəbin kollektivi də bu aksiyaya qoşuldu.
Yardım çərçivəsində məktəb kollektivləri xüsusilə yaxın ətrafda yaşayan ehtiyacı olan ailələri ərzaq və müxtəlif gündəlik tələbat malları ilə təmin edirlər.
Seçim zamanı əsasən övladını tək böyüdən və ya ailə üzvləri müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə üstünlük verilir.
Yardım aksiyalarının təşkil olunmasında əsas məqsəd COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək və cəmiyyətdə vüsət alan sosial yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaqdan ibarətdir.