AZAD XOCALI

Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərindən biri olan,  ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində nifrət və soyqırımı siyasətini sübut edən Xocalı soyqırımından 32 il ötür.

Bu gün məktəbimizin və Binəqədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımına həsr edilmiş tədbir həyata keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, məktəbin direktoru Ofelya Məmmədova, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin rayon şöbəsinin sədri Ayna Novruzova, Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının rayon şöbəsinin sədri Teyyub Həsənov, məktəbin pedoqoji kollektivi və şagirdlər iştirak edib.

Tədbir Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın, soyqırım qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilib.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Ofelya Məmmədova qonaqları salamlayaraq Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu, məktəblərdə bu faciənin şagirdlərə çatdırılmasının vacibliyini vurğulayıb.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək bildirib ki, “Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış və Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və ermənilər tərəfindən kütləvi qırğınlarla üzləşmişdir. İşğal olunmuş torpaqların düşməndən azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsində rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarımızı azad etdi və Xocalı şəhərində erməni terrorçularının törətdiyi vəhşiliklərin qisasını aldı. Bu il soyqırımın ildönümü ilk dəfədir ki, fərqli şəkildə anılır. Çünki ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə son qoydu. Düşməni işğal etdiyi ərazilərimizdən qovdu, xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar erməni ordusu darmağın edildi. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası alınıb”.

Daha sonra “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin rayon şöbəsinin sədri Ayna Novruzova Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasından, bu faciənin xalqımıza qarşı törədilən soyqırım aktı kimi tanınması üçün dövlətimiz tərəfindən bütün zəruri addımların ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra geniş vüsət tapdığını, Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, fevralın 26-sının Xocalı Soyqırımı Günü elan edildiyini vurğuladı və bildirdi ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırmış və faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılmış, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olmuş və bilmişlər ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları belə qətlə yetirməkdən çəkinməyib.

Natiqlər qeyd ediblər ki, II Qarabağ müharibəsindən və ötən il həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq, axtarış-qazıntı işləri zamanı Ağdam, Şuşa, Xocavənd, Füzuli, Kəlbəcər ərazilərində, həmçinin bir müddət əvvəl Xocalı rayonunun Əsgəran qalasının yaxınlığında kütləvi məzarlıqların tapılması, həmin məzarlıqlardakı insan qalıqlarının üzərində işgəncə izlərinin aşkarlanması Xocalıda törədilmiş soyqırım zamanı soydaşlarımızın amansızlıqla qətlə yetirildiklərini, azərbaycanlılara qarşı soyqırım siyasətinin aparıldığını bir daha təsdiqləyir.

Şagirdlərin hazırladığı kompozisiyalar, Xocalı qurbanlarına həsr etdikləri rəsmlər, ifa etdikləri şeirlər tədbir iştirakçılarında dərin təəssürat oyadıb.

Sonda xatirə fotosu çəkilib.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi