“Biz Sizə güvənirik, rəşadətli ordumuz!”

Aprelin 5-də 81 № li tam orta məktəbdə “Biz Sizə güvənirik, rəşadətli ordumuz” başlığı altında toplantı keçirildi. Aprelin 2 – nə keçən gecədən başlayaraq Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbiçilərimizin və mülki şəxslərin ruhunu yad etmək və ordumuza dəstək məqsədi ilə Sabunçu rayonu 81 № li tam orta məktəbin müəllim, şagird və valideyn kollektivi əsgərlərimizə dəstək üçün məktəbin meydançasına toplaşdılar. Tədbirdə məktəbin direktoru Əli – zadə Mehriban xanım, hərbi rəhbər Allahverdiyev İbrahim müəllim, Qarabağ veteranı Məmmədov Baba və 11 A sinif şagirdi Aydəmirova Leyla iştirak etdilər. Bizim hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Artıq həsrətlə, böyük intizarla gözlədiyimiz o gün yaxınlaşır. Azərbaycan xalqının qeyrətli oğullarının fədakarlığı nəticəsində torpaqlarımızın bir hissəsi işğaldan azad olunmuşdur. Bu gün hamımızın üzündə sevinc hissi var. Bu qələbəmizin ən böyük memarı Ali Baş Komandan İlham Əliyevin hərbi qüdrətimizi yüksək səviyyəyə çatdırması, vətənpərvər oğullarımızın cəngavərlik ruhunu düşmənə əzmkarlıqla göstərməsidir. Məktəbimizin “Şahinlər”i “Əsgər marşı” sədaları altında Azərbaycan bayrağını dalğalandırdılar. Sonda məktəbin şagirdləri sülh rəmzi olan göyərçinləri və ağ rəngli şarları havaya uçurtdular. Bəli, biz inanırıq ki, bu qələbələrimizin sayı durmadan artacaq, böyük bir qələbə sevincini yaşamaq istəyən arzularımız gerçəkləşəcəkdir.