“Valideynin məktəbdə bir günü” adlı layihə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-448 nömrəli əmrinə əsasən valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyətin yaradılması məqsədilə 18 dekabrda məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirildi. Valideynlə-məktəb əməkdaşlığı şagirdin inkişafı üçün əlverişli mühitin yaradılmasının əsas şərtidir. Məktəb kollektivi ilə müntəzəm əlaqədə olan ailələrin övladları daha böyük uğurlar əldə edirlər. Məhz bu səbəbdən də bu gün I-XI sinif şagirdlərinin valideynlərinin məktəbə ziyarəti təşkil edilib.
Valideynlər məktəb kitabxanası, sinif otaqları, yeməkxana, akt zalını gəzərək məktəb mühiti ilə tanış olublar. Daha sonra valideynlər şagirdlərin ifasında Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii hissəyə tamaşa edib, keçirilən dərslərdə iştirak edərək dərslərin gedişatını izləyib, təhsil prosesi ilə tanış olublar. Məktəbdə şagirdlərin hazırladığı əl işlərindən ibarət sərgi valideynlərdə çox böyük maraq doğurdu. Sonda valideynlər dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar keçirilən ağacəkmə aksiyasına qoşuldular.