Sevimli şairimiz Vüqar Əhmədlə görüş
Bakı şəhəri Xəzər rayonu 324№li tam orta məktəbdə 25.04.2015-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun “Ümumtəsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı” verilən əmrini əsas tutaraq il ərzində görülən işlərlə əlaqədar yekun tədbir keçirildi. Tədbirə nəğməkar şair, filologiya elmləri doktoru , professor Vüqar Əhməd dəvət edilmişdi. Eyni zamanda tədbirdə Təhsil Nazirliyindən nümayəndə və Bakı şəhərinin müxtəlif məktəb direktorları və müəllimləri də iştirak edirdilər. Tədbiri 324№li tam orta məktəbin direktoru Atayeva Gülarə açmış, gələn qonaqlara təşəkkür edərək şair Vüqar Əhmədin yaradıcılığı haqqında çıxış etmişdir. Daha sonra il ərzində şagirdlərin oxuduğu və müzakirəyə çıxardıqları bədii əsərlərdən, məktəbdə keçirilən bədii qiraətlə bağlı müsabiqədən, hazırlanan səhnəciklərdən, şagirdlərin görkəmli şair və yazıçıların ev muzeylərinə, kitabxanalara, nəşriyyat evinə etdikləri ekskursiyadan, Gənc Tamaşaçılar teatrında S.S. Axundovun “Qaraca qız” tamaşasına şagirdlərimiz tamaşa etdiklərindən söhbət açdı. Sonra tədbiri idarə etmək üçün söz məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Əzizova Xəyaləyə verildi. Tədbirdə şagirdlər Vüqar Əhmədin şeirlərini, sözlərinə yazılmış mahnıları həvəslə ifa etdilər. Tədbirin sonunda məktəbin direktoru Atayeva Gülarə “ Ən yaxşı oxucu”, “Ən yaxşı bədii qiraətçi”, “ Ən yaxşı səhnəcik” nominasiyaları ilə bir neçə şagird və sinifləri diplom və hədiyyə ilə təltif etdi. Qonaqlara söz verildi. Qonaqlar öz çıxışlarında tədbirdən zövq aldıqlarını və istirahət etdiklərini qeyd etdilər. Tədbirin sonunda Gülarə xanım tədbirin hazırlanmasında yaxından iştirak edən Solmaz müəllimə, Vüsalə müəllimə, Rəvanə müəllimə təşəkkürünü bildirdi. Son olaraq şair Vüqar Əhməd və digər qonaqlarla xatirə şəkli çəkildi. Təşkil olunan tədbir Azad Azərbaycan Televiziyasınn “Xəbərlər” proqramında işıqlandırılıb.