Son zəng

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir.
Hər il iyunun 14-də ölkəmizdə “Son zəng” günü qeyd olunur. Məktəblərdə bir canlanma, şagirdlərdə sevinc dolu bir nisgil hiss olunur. Onbirincilər bu günə xüsusi olaraq hazırlaşırlar. Şeir axtarıb tapan kim, mahnı yazdıran kim, ssenari quran kim…
Mən bu əziz gün münasibətilə bütün məzunları təbrik edir, arzu edirəm ki, tələbə adına layiq görülüb öz əməlləri ilə Vətənimizin adını həmişə zirvələrə ucaltsınlar. Hazırladığım “Son zəng” ssenarisini onlara hədiyyə edirəm.
Məktəbin həyəti şarlarla, gül-çiçəklə bəzədilib. Bir kənarda on bir il əvvəl kiçicik əllərindən tutub onları məktəbə gətirən valideynlər, digər tərəfdə isə uşaqların hər şıltaqlığına, hər dəcəlliyinə qayğıkeş bir ata-ana kimi dözən, onlara təkcə bilik verməklə kifayətlənməyib, həm də həyata hazırlayan, düzgün yol göstərən müəllimlər oturub. Tədbir məzunların “Məktəb illləri” mahnısının sədaları altında öz yerlərini alması ilə başlayır.
I aparıcı tədbiri açıq elan edir:
– Məktəb! Düzlən! Fərəqət!
Sonra məktəb rəhbərliyinə raport verir:
– Cənab direktor! Məktəbin on birinci sinif şagirdləri “Son zəng” tədbirinə hazırdırlar. İcazə verin, tədbiri başlayaq.
Direktor:
– Tədbirin keçirilməsinə icazə verirəm!
II aparıcı:
– Azərbaycan Respublikasının bayrağı qaldırılsın!
Himn çalınır, şagirdlər oxuyur, üçrəngli yenilməz bayrağımız dalğalanır.
I aparıcı:
– Əziz müəllimlərimiz, istəkli valideynlərimiz, hörmətli qonaqlarımız və mehriban şagirdlərimiz! Sizin hamınızı bu şən günümüzdə salamlayır və hər birinizə “Xoş gəlmişsiniz” deyirik. Bu günün həyəcanını, fərəhini bizimlə paylaşacağınız üçün sizlərə təşəkkür edirik!
II aparıcı:
– Doğma məktəb! Sənin qoynunda keçirdiyimiz bu 11 ildə, bəlkə də, bu gün yeganə gündür ki, biz onu həm sevinclə, həm də kədərlə qarşılayırıq. Sevinirik, çünki uşaqlığımızdan hər birimiz müstəqil olacağımız günü səbirsizliklə gözləyirdik. Artıq məktəbi bitirərək biz buna nail olduq. Bu gündən etibarən məktəb illərini geridə qoyaraq, həyatın enişli-yoxuşlu yolları ilə irəliləyəcəyik. Bu yolda büdrəyən də olacaq, alnıaçıq irəli gedən də, dönüb keçmiş illərə həsrətlə boylanan da. Kədərlənirik, çünki 11 il bir yerdə sevincimizi paylaşıb, kədərimizi bölüşdüyümüz mehriban sinif yoldaşlarımızdan, anamız qədər doğma olan sevimli müəllimlərimizdən, hətta sinif otaqlarımızdan, üzərinə tabaşirlə yazılar yazdığımız sinif lövhələrindən ayrılacağıq.
Şagird: Bitirdim məktəbi bu gün mən, demək,
Can alıb yuxusuz gecələrimdən.
On bir il taxtada yazıb silərək
Nə qədər tabaşir işlətmişəm mən?!

Ay yazı taxtası, yazı taxtası,
Mən səndə nə qədər yazı yazmışam?
Hər kiçik rəqəmi,hər kiçik sözü
Sinəndə min dəfə azı, yazmışam.
I aparıcı:
– Məzunlarımızı təbrik edib onlara öz ürək sözlərini demək üçün sözü məktəbin direktoruna veririk.
Direktor məktəbin nailiyyətlərindən, şagirdlərin müvəffəqiyyətindən danışır, məzunları təbrik edərək onlara imtahanlarda uğurlar arzulayır.
Şagirdlərdən birinin ifasında “Son zənginiz mübarək” şeiri səslənir.
Məktəb həyat yoludur, o hamıya gərəkdir,
Məktəbli hər oğul-qız vətəninə köməkdir,
Məktəblər həm birinci, həm sonuncu deməkdir.
Sizi yola salırıq, yol gəlir birincilər,
Son zənginiz mübarək, əziz on birincilər.

Məktəblər insanların ən ülvi fürsətidir,
Bugünki əqli-zəka sabahın ismətidir.
Burdan kim nə apardı ömürlük qismətidir.
Sizin sonuncu zəngi çalacaq birincilər,
Son zənginiz mübarək, əziz on birincilər.
II aparıcı:
– Hər bir insanın həyatında məktəb illəri böyük rol oynayır. Məktəb bizə ikinci bir ailə olub. Biz burada yazıb-oxumağı da, vətəni sevməyi də, bir-birimizə qardaş-bacı olmağı da öyrənmişik. Bu gündən etibarən biz məktəbə şagird kimi yox, müstəqil Azərbaycanın azad gəncləri kimi gələcəyik. Arzu edirik ki, bütün məzunların səsi ali təhsil ocaqlarından gəlsin və bizi öz qoynunda sevimli balası kimi əzizləyən məktəbimizi, istəkli müəllimlərimizi, qayğısız həyatlarını heç vaxt unutmasınlar.
Şagird: A məktəb yolları, məktəb yolları,
Sizi bir an belə unutmadım mən.
Könlüm min həsrətlə titrəyib əsir
Hər dəfə, hər dəfə keçəndə sizdən.

Hər gün iki dəfə keçirdim sizdən
Kəssə də yolumu qar, boran, sazaq.
Gedişim yüngüldü, gəlişimdə mən
Hər dəfə bir pillə artırdım ancaq.
I aparıcı:
– Əziz tədbir iştirakçılarımız! 11 ildir biz bu doğma məktəbdə hər gün yeni-yeni biliklərə yiyələnib, müstəqil həyata hazırlaşmışıq. Bu gün bizim qəlbimizi sevinc hisləri ilə yanaşı, dərin bir minnətdarlıq hissi də bürüyüb. Həyatlarını yolumuzda şam kimi əridən valideynlərimizə, yorulmadan elmin çətin yollarında yolumuza nur çiləyən, əlimizdən tutub bizi daima irəliyə aparan müəllimlərimizə, sinif rəhbərlərimizə minnətdarlığımızı çatdırır, bütün məktəb kollektivinə sonsuz təşəkkürümüzü bildiririk.
II aparıcı:
– Bizi təbrik etmək üçün sözü sinif rəhbərlərinə veririk.
Sinif rəhbərləri növbə ilə gəlib təbrik edir, onların çıxışlarının arasında hər sinif özünün hazırladığı musiqi nömrəsini nümayiş etdirir.
Şagird: Yadımdan çıxmamış neçə il əvvəl
Çiynimdən bir yekə çanta asdığım.
Uşaqlıq dostlarım çağıranda “gəl!”
İlk dəfə məktəbə qədəm basdığım.

Müəllim adımı soruşan zaman
Gəlmədi nədənsə sevincim saya.
Onun hər sözünə qalmışdım heyran
O gün başqa gözlə baxdım dünyaya.

-Gedək görüşünə, – deyib baharın
Bizi səsləyirdi bağa girərək.
Deyərdi açacaq tumurcuqların
Hansından göy yarpaq, hansından çiçək.

Öyrətdi sonra da müəllim bizə
Yerlərin, göylərin çətin sirrini.
Qatdı şərbət kimi o, dilimizə
Vaqifin, Sabirin şeirlərini.

Al oxu şeirimi, əziz müəllim,
Burdakı mənanı sən öyrətmisən.
Sənə minnətdardır qəlbim, qələmim
O böyük adınla öyünürəm mən.
I aparıcı:
– Bu əziz gündə ilk dəfə əlimizdən tutub bizə “Ana” və “Vətən” kəlmələrini yazmağı öyrədən, səbirlə hecalayıb oxumağımızı dinləyən ibtidai sinif müəllimlərimizin də, yəqin ki, deməyə sözləri var.
İbtidai sinif müəllimləri çıxış edəndən sonra birincilərin ifasında rəqs göstərilir.
I aparıcı:
– Bayaqdan bizi seyr edən, dediyimiz hər kəlməyə diqqət kəsilən, bəzən gülüb, bəzən gözləri dolan , bizə həyat verən qayğıkeş, mehriban valideynlərimiz! Qəlbiniz fərəhdən qabarıb, sevinciniz köksünüzə sığmır. Bu gün sizin həyəcanınız bizdən də artıqdır. Axı sizin hələ də körpə bildiyiniz balalarınız məzun olur. Ürəyiniz doludur, arzularınız sonsuzdur. Təbrik üçün sözü sizlərə veririk! Qoy səsiniz, alqışlarınız bizim əməli işlərimizin yardımçısı olsun!
Valideynlərdən bir neçəsi çıxış edir. Musiqi nömrəsi səslənir.
II aparıcı:
– Artıq sıra hər il olduğu kimi “Bilik açarı”nın verilməsinə gəlib çatdı.
Musiqi sədaları altında olimpiada qalibi, dərs əlaçısı olan məzun “Bilik açarı”nı gələcək məzuna verib öz ürək sözlərini deyir.
X sinif şagirdi də öz növbəsində məzunları təbrik edib, onların hər birinə müvəffəqiyyətlər diləyir.
I aparıcı:
– Tədbirimiz sona çatmaq üzrədir. Bir azdan son zəng çalınacaq. Bu zəng səsi bizi xəyallarımızın qanadında uzaqlara aparacaq. Sıralarımızdan gələcəyin neçə-neçə həkimi, mühəndisi, müəllimi çıxacaq. Amma hansı sənəti sahibi olsaq da, söz veririk ki, həmişə doğma respublikamızın-Azərbaycanımızın dəyərlərinə xidmət edəcəyik, onun tərəqqisi, inkişaf edib gözəlləşməsi üçün çalışacağıq. Qoy arzularımız qol-qanad atsın, ümidlərimiz puç olmasın.
Şagird: Dayanın, çalmayın sonuncu zəngi,
Yoxsa ürəyimə toxunacaqdır.
Bir zaman -GƏL- deyən o doğma səsdə,
Bir hicran nəğməsi oxunacaqdır.

Zəngçalan, nə olar əlini saxla,
Bu şagird ömrümü uzat bir az da.
Bu məktəb, bu bina, bax, bu divarlar,
Mənim olmayacaq zəng vurulanda.

Hələ bir-birindən ayrı düşəcək,
Neçə könül dostum, yaxın yoldaşım.
O sarı köynəkli, gülərüzlü qız,
Daha olmayacaq sinif yoldaşım.

Qoyun, bir dəfə də -MƏNİMDİR- deyə,
Sinif otağımı süzüm doyunca.
Tələsmə, zəngçalan, bunun üçün sənə,
Minnətdar olaram ömrüm boyunca.

Çağırsın lövhəyə məni müəllim,
Bir misal versin ki, asan olmasın.
Üç saat çalışıb, həll edim onu,
Tək arzum budur ki, zəng vurulmasın.

Ürəyim titrəyir yad elədikcə,
Məktəbə getdiyim o ilk çağımı.
De, burda necə qoyub gedim mən?
Arxası çantalı uşaqlığımı.

Durub cərgə ilə müəllimlərim.
Baxırlar üzümə sözü var kimi,
Bu doğma mehriban şən baxışlara.
ƏLVİDA deməyə dilim gələrmi?

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi