12 mart Daxili Qoşunlar Günü

       1991-ci ilin dekabrında keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və şəxsi heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir.
Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf etmişdir. 1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - 12 mart Daxili Qoşunlar günü elan olunmuşdur. 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələrinin şəxsi heyəti erməni işğalçılarına qarşı döyüşlərə başlamış, ərazi bütövlüyümüz uğurunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində igidliklə döyüşmüş və xüsusi qəhrəmanlıqlar göstərmişlər. Azğın düşmənə qarşı döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olmuşlar. Daxili Qoşunların Ağdam alayının döyüş yolu igidlik və qəhrəmanlıqla zəngindir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparılan müddətdə Daxili Qoşunların 496 zabit və əsgəri qəhrəmancasına həlak olmuş, 1166 nəfər yaralanmış, 268 nəfər isə itkin düşmüşdür.
Daxili Qoşunların inkişafına, möhkəmlənməsinə ulu öndər Heydər Əliyev daim diqqət yetirmişdir.
Daxili işlər orqanlarının ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunlar ötən illərdə şərəfli yol keçmiş, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf etmişdir.
2003-cü ildən Daxili Qoşunların inkişafında yeni bir mərhələ başlanmışdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Daxili Qoşunların peşəkar hazırlığı əsaslı surətdə yüksəldilmişdir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır.
Dövlətimizin başçısı mütəmadi olaraq Daxili Qoşunların hərbi hissələrində əsgər və qulluqçular üçün yaradılan şəraitlə, şəxsi heyətin döyüş hazırlığı ilə maraqlanır, onların təminatını daim diqqət mərkəzində saxlayır.
Şəxsi heyətin sosial məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində olan ən vacib məsələlərdəndir. Son illər ərzində Daxili Qoşunlarda bu istiqamətdə əhatəli və planlı tədbirlər həyata keçirilmişdir. Bakı qarnizonunda, eləcə də regionlarda yerləşən hərbi hissələrdə abadlıq quruculuq işləri aparılmış, yeni hərbi şəhərciklər, o cümlədən əsgər kazarmaları tikilmiş, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış kompleksləri istifadəyə verilmişdir.
Hazırda Daxili Qoşunların bir çox dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri vardır. Zabitlərimiz xarici ölkələrdə təhsil alırlar. Bu gün Daxili Qoşunların qarşısında duran başlıca vəzifə ölkədə sabitliyin qorunmasına xidmət etmək, müxtəlif təxribatların qarşısını almaq, vətəndaşların əmin-amanlığını qorumaqdır. Qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirmək üçün ötən il bir sıra təşkilati-praktik tədbirlər keçirilmişdir.
Daxili Qoşunların şəxsi heyəti paytaxtda və bölgələrdə keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edirlər.
Hissə və bölmələrin döyüş, peşə hazırlığının və təlimin keyfiyyətinin daim yüksəldilməsi, qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi, nümunəvi nizam-intizama nail olunması və digər tapşırıqların layiqincə yerinə yetirilməsi bu gün də Daxili Qoşunların qarşısında duran əsas vəzifələrdir.
Daxili Qoşunların müasir texnika, silah və avadanlıqla təchiz olunması istiqamətində də mühüm işlər görülür, şəxsi heyətin sosial vəziyyətinin, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması, hərbi şəhərciklərin müasir standartlara uyğunlaşdırılması diqqət mərkəzindədir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı sayəsində bu istiqamətdə uğurlu addımlar atılır.
Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunlar ictimai asayişin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanır, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəmir, uğurlarını və döyüş hazırlığını daim artırır.
Daxili İşlər Nazirliyinin mühüm struktur hissəsi olan Daxili Qoşunlarda dövlətinə, Prezidentinə, xalqına sədaqətli, peşəkar kadr potensialı formalaşmışdır.
Bu gün Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin qorunması ilə yanaşı, torpaqlarımızı düşmən tapdağından azad etmək üçün döyüşməyə tam hazırdır.
Daxili Qoşunlar həmişə xalqın əmin-amanlığının, asayişin sabit durumunun sadiq keşikçiləri olaraq qarşısında duran xidməti döyüş tapşırıqlarının öhdəsindən gəlməyə borcludur və hazırdır.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi