Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir
Vətən qaladır. Əzəmətli, vüqarlı qala. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Səməd Vurğunun "Ölüm var ki, həyat qədər dəyərli" - misrası nə qədər yaşarıdı.O, 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açmışdı. 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdı. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirmişdi. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurmuşdu.Mübariz İbrahimov uşaqlıqdan hərbçi olmağı arzulayırdı. Doğulub boya-başa çatdığı kənddə hamı onun bu arzusundan xəbərdar idi. Mübarizin amalı torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmaq idi. Ona görə də 2009-cu ilin avqust ayında hərbi xidmətə yollandı və bütün döyüş silahlarının dilini öyrəndi. Bu dəfə artıq gizir kimi Tərtər rayonunun N hərbi hissəsində xidmət keçməyə başladı.Onda Mübarizin 22 yaşı var idi. Bu yaşda insan böyük arzularla, istəklərlə yaşayır, hər şeyin yaxşı sonluğuna inanır. Mübariz hələ yaşanılası uzun bir yolun yolçusu idi. Ancaq o, başqa yol seçdi. 2010-cu il iyunun 19-da gecə saatlarında gizir Mübariz İbrahimov qoşunların təmas xəttini keçərək ilk həmlədə Ermənistan silahlı qüvvələrinin çoxlu sayda əsgər və zabitini məhv etdi. Sonra isə ermənilərin öz silahları ilə düz 6 saat onlarla təkbətək döyüşdü. Düşmən ağır itki verdi. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak oldu.