Tarix yazmış Azərbaycan xalqı.

                

     Tarix yazmış Azərbaycan xalqı

     Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir.

               H.Əliyev:     1991-ci il 7 mart

 

 

30 il bundan əvvəl böyük şəxsiyyətin söylədiyi bu fikirlərin doğruluğunu zaman təsdiqlədi.

Lakin SSRİ rəhbərliyinin yarıtmaz siyasəti, mənfur qonşumuzun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli mövqeyi bizim istiqlaliyyət yolumuzda böyük maneə idi. Ermənilər mərkəzin köməyinə arxalanaraq Dağlıq Qarabağda fitnəkar əməllərini genişləndirirdilər. Azərbaycanın tərkib hissəsi olan ərazidə “Dağlıq Qarabağ Respublikası” yaratdılar. Düzdür, Azərbaycan rəhbərliyi cavab addımı olaraq DQMV-nin  statusunu ləğv etdi. Düşmən dayanmır,bir-birinin ardınca Kərkicahan qəsəbəsi, Malıbəyli, Qeybalı, Aşağı Quşçular, Yuxarı Quşçular, Qaradağlı tutuldu. Xocalı soyqırımı törədildi. Şuşanın tutulması ilə demək olar ki, Dağlıq Qarabağı itirdik, az sonra Laçın işğal olundu və Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqə yarandı. Tariximizin, mədəniyyətimizin, musiqimizin beşiyi, qədim tariximizin şahidi olan Qarabağ düşmən tapdağına düşdü.

Azərbaycan xalqı hər zaman qonşu dövlətlərlə, ərazisində yaşayan xalqlarla dinc yanaşı yaşayıb. Nadir şahdan sonra bizim xalq heç bir özgə ərazisinə hücum etməyib, bir qarış da olsun yad torpağa sahiblənməyib. Amma bu torpaqlar bizimdir, ulu babalarımızın bizə yadigarıdır, biz bu torpaqları gələcək nəsillərə bütöv ötürməyə borcluyuq.  Dünyada artmayan, törəməyən varlıqdır torpaq. Torpaqdan pay olmaz. Biz Dağlıq Qarabağı obyektiv və subyektiv səbəblərdən qoruya bilmədik. Bu demək deyil ki, biz bizim olandan vaz keçdik. Çətin, yorucu, səbirləri sınağa çəkən zaman dururdu xalqımın qarşısında. Düşmənin qabağına güclü çıxmaq lazım idi. Bunun üçün dövlət müstəqilliyimizi möhkəmləndirməli, güclü iqtisadiyyat yaradılmalı, xalq güclü ideya ətrafında birləşməli, xırda arzulardan vaz keçməli böyük işlərə başlamalı idi. Azərbaycan xalqı prezidentindən sıravi fəhləsinə qədər  inanmalıydı ki, Qarabağı qaytaracağıq. Qarabağı qaytarmaq bizim üçün bir millət kimi ölum - qalım məsələsidir. Biz bu vəzifənin öhdəsindən gəlməyə məhkumuq.

Böyük şəxsiyyət Heydər Əliyevin rəhbərliyə qayıdışı ilə Ordu quruculuğu işi sürətləndi. Respublikada nizamsız hərbi hissələr ləğv olundu, güclü nizami ordu yaradıcılığına başlandı. Xalqı, vətəni müdafiəyə çağırdı rəhbər. 1993-cü il noyabrın 2-də Heydər Əliyev televiziya və radio ilə müraciət edərək xalqı düşmənə qarşı birləşməyə, mübarizəyə qalxmağa çağırdı. Xalq öz rəhbərinin çağırışına səs verdi. Könüllü dəstələr, taborlar yaradılıb, cəbhəyə göndərildi. Azərbaycan ordusu düşmənə müqavimət göstərə bilirdi. Xalq kimliyindən, milli mənsubiyyətindən asılı olmayaraq, bir vətəndaş kimi döyüşə qalxdı. Bütün bunlara baxmayaraq, vəziyyət çox ağır idi. Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın bir qismi işğal olunmuşdur. Bir milyondan çox qaçqın vətəndaşımız vardı. Daha sərt, daha ciddi tədbirlər görülməli idi ki, respublika bu ağır vəziyyətdən çıxsın. Köçkün düşmüş vətəndaşlarımızın yaşayışı lazımi səviyyədə təmin olunmalı idi.

1994-cü ilin əvvəlindən Azərbaycan ordusu bir sıra uğurlar əldə etdi. Ermənilərə imperiyapərəst qüvvələrin köməyi olsa da, artıq Azərbaycan əsgəri düşmən hücumlarına qarşı dayana bilirdi. Nəhayət, 1994-cü il mayın 12-də atəşkəs elan olundu. Bu bizim dövlət üçün nəfəs almaq, özünə gəlmək, vaxt qazanmaq baxımından böyük əhəmiyyət kəsb edirdi. Beynəlxalq vəziyyət çox mürəkkəb idi. Azərbaycanın daxili və xarici siyasətinin əsas məqsədi dövlət müstəqilliyini tanıtmaq, ölkə daxilində səmərəli dövlət quruculuğunu həyata keçirmək, vətəndaşların yaşayışının daha yaxşı təmin etməkdən ibarət idi. Dövlətin möhkəmliyi üçün, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün uğurlu xarici siyasət xətti götürüldü, Dağlıq Qarabağ münaqişəsini tənzimləmək və ağır nəticələrini aradan qaldırmaq istiqamətində diplomatik səylər artırıldı. Yeni enerji diplomatiyası yaradıldı. Xəzər dənizinin statusunun müəyyənləşməsi üçün diplomatik addımlar atıldı, beynəlxalq iqtisadi əlaqələrdən dövlət quruculuğu üçün istifadə edilməyə başlandı. Dövlətlərlə qarşılıqlı münasibətlər yaradıldı. Azərbaycan müstəqil suverən bir dövlət kimi  beynəlxalq təşkilatlara üzv oldu. Respublikamızın bir çox ölkələrdə səfirlikləri açıldı.

“91-lərin” müraciətinə Heydər Əliyev vəziyyətdən çıxış yollarının göstərən platforması ilə cavab verdi.  Elə bir zaman gəldi ki, iqtidar da Heydər Əliyevə müraciət etdi. Xalqın həyatında yeni dövr başlandı. Azərbaycanda demokratiya və qanunçuluğun inkişafı sürətləndi. Konstitusiyamız qəbul olundu. 1998-ci ildən insan, vətəndaş, hüquq və azadlıqlarının, söz, fikir, mətbuat azadlığının təmin olunması, senzuranın ləğvi, məhkəmə islahatı, ölüm hökmünün ləğvi - bütün bu siyasi, hüquqi islahatlar demokratik inkişaf prosesini gücləndirdi.

Ölkənin, dövlətin qarşısında həll olunması vacib məsələ dururdu. Qarabağ alınmalıdır! Bunun üçün çox iş görülməli idi. 1993-97-ci illərdə dərin, hərtərəfli böhranın qarşısı alındı, bazar iqtisaydiyyatına və dünya iqtisaydiyyatına inteqrasiyanın əsasları yarandı.

Neft amilinin ölkənin iqtisadi inkişafında və müstəqilliyin təmin olunmasındakı rolunu nəzərə alan Heydər Əliyev özünün neft strategiyasını müəyyən etdi: Azərbaycanın zəngin iqtisadi ehtiyatlarını ən müasir üsullarla hasil edib, xarici bazarlarda satıb əldə olunan gəlir hesabına respublika iqtisaydiyyatının bütün sahələrini inkişaf etdirmək və əhalinin maddi rifahını yüksəltmək.

Azərbaycanın uğurlu neft strategiyası ölkənin beynəlxalq nüfuzunu artırdı.

Aparılmış islahatların əsas məqsədi bazar iqtisaydiyyatının və dünya iqtisaydiyyatına inteqrasiyanın əsaslarını yaratdı. Əsrin müqaviləsi Bakı Supsa Qərb Neft kəməri, Bakı-Tiblisi-Ceyhan əsas boru ixrac kəməri haqqında bağlanan müqavilələr Azərbaycana çoxlu gəlir gətirməyə başladı. “İqtisaydiyyatı güclü olan dövlət güclüdür”,- deyiblər. Dövlətin iqtisaydiyyatı gücləndikcə aztəminatlı əhalinin rifahının yaxşılaşdırılması, əmək haqqı islahatları, sosial müdafiə tədbirləri, də güclənirdi.

Azərbaycanın beynəlxalq mövqeyi ildən ilə güclənir, ərazi bütövlüyümüzün tanınması üçün daha möhkəm diplomatik addımlar atılır, sülhə həmişə hazır olduğumuzu təkrar-təkrar dünyaya çatdırırıq. BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən, amma yerinə yetirməyən 853, 874-884-saylı qətnamələrinə hörmətlə yanaşır, amma ərazilərimizdən vaz keçməyəcəyimizi də dünyanın yüksək tribunalarından təkrar-təkrar səsləndirirdik.

Ulu öndərin hakimiyyət illərində iqtisaydiyyat məsələləri ölkənin xarici siyasətində mühüm yer tutmuşdur. Beynəlxalq maliyyə-bank qurumları ilə sıx əməkdaşlıq quran Azərbaycan öz iqtisaydiyyatında ciddi islahatlar aparmış, onu yeni əsaslar üzərində qurmuşdur. Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi həyata keçirildi. Azərbaycan tranzit ölkəyə çevrildi. Vacib istiqamətlərdən biri də enerji diplomatiyası idi. Atılan addımlar nəticəsində külli miqdarda xarici sərmayə respublikaya axmağa başladı. Enerji diplomatiyasının uğurlu aparılması Azərbaycanda sosial-iqtisadi və siyasi sabitliyin əldə edilməsinə, ölkənin müstəqil dövlət kimi möhkəmlənməsinə gətirib çıxardı.

Daha bir mühüm məsələ Xəzər dənizinin hüquqi statistikasının müəyyənləşdirilməsi idi. Bu, gərgin diplomatik fəaliyyət tələb edir. Xəzəryanı 5 dövlətin nümayəndələri ilə müxtləif səviyyəli görüşlərdə Azərbaycan öz strateji maraqlarını həmişə layiqincə müdafiə edib və edir.

Ulu öndər haqq dünyasına qovuşdu. Xalq İlham Əliyevi özünə prezident seçdi. Dövlətin tarixində yeni mərhələ başladı. Bu mərhələ özündən əvvəlki dövrün təməlləri üzərində dayanır, onun davamını təşkil edirdi. Yenə də prioritet məsələ Dağlıq Qarabağ məsələsi idi. Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla həll olunması, ölkənin beynəlxalq enerji nəqliyyat komunikasiya və tranzit mərkəzlərindən biri olması prosesi davam etdirilir, vətəndaşların rifahının daha da yüksəldilməsi üçün daha əlverişli beynəlxalq şəraitin təmin edilməsinə var qüvvə sərf edilirdi.

Erməni təcavüzünə məruz qalmış qçqın və məcburi  köçkünə çevrilmiş azərbaycanlıların sosial problemlərinin həlli üçün 2003-2013-cü illərdə İlham Əliyev 51 fərman və sərəncam imzalamışdı. Dövlət proqramı, ona əlavələr qəbul olunmuşdur.

Qarabağ müharibəsində atəşkəs əldə olunduqdan keçən müddət ərzində Azərbaycan rəhbərliyi ictimaiyyəti münaqişənin sülh yolu ilə həllinə üstünlük verib. Bununla belə dövlətimiz həm iqtisadi, həm də hərbi cəhətdən güclənir və hamımız bilirdik ki, lazım gəlsə qətiyyətli addımlarla düşməni güzəşt etməyə məcbur etmək hüququmuzu özümüzdə saxlayırıq. Bu fikri Ali Baş Komandanımız dünyanın bütün yüksək tribunallarından dəfələrlə səsləndirib və biz hamımız buna inanırıq. Biz sülh tərəfdarıyıq, müharibə başlanmasının, qan tökülməsinin əleyhinəyik, amma sülhdən daha vacib vətənimizin əzəli torpaqlarının qaytarılmasıdır. Lazım gələrsə, bu yolda BMT Nizamnaməsinə uyğun olaraq təcavüzkara qarşı güc tətbiq edilməsi istisna olunmamalıdır. Bu fikirlər İlham Əliyevin  ziyalılarla keçirdiyi görüşdə səslənib. Dəfələrlə deyilən, lazım gəlsə, vaxt gələndə sözlərinə qulaq asanda dövlətimizə qərəzli mövqe tutan liderlərlə görüşləri izləyərkən dövlət başçımızdakı dəmir iradəyə heyran qalırdım. Sakit-sakit, lazım olan dildə, özü əhvalını pozmadan hamının cavabını verir, susdururdu.

“Karvana sarvan, orduya komandan”,- deyib atalarımız. Komandanımızın əmri gələndə hamımız: “Demək, vaxtı gəldi, lazım gəldi”,- dedik. Ordu bu əmrə canla-başla hazır idi.  Xalqın bu qədər hazır olduğuna inanmaq çətin idi. Könüllü cəbhəyə  getməyə yazılan igidlərin çoxu növbə gözləyə-gözləyə qaldı. Alı Baş Komandan, ordu və xalq belə güclü bir üçlük yaranıb, ayağa qalxdı. Sel kimi, fəlakət kimi düşmənin üzərinə yeridi. 90-cı illərin və 2000-ci illərin nəsilləri idi.  Bu selin damlaları. Düşməni boğmağa, illərin qısasını almağa gedən qarşısıalınmaz amma, Ali Baş Komandan tərəfindən idarə edilən nəhəng bir qüvvə idi. Bu, müharibələrin tarixinə “Dəmir yumruq” adı ilə  yazıldı.

Fərqi yoxdur hansı səbəbdən biz Qarabağı itirmişdik. Əsas nəticə o idi ki, bizim nəsil Qarabağı qoruya bilməmişdi. Uzun illərdi başımız aşağı, gözümüz kölgəli olmuşduq. Bu, məktəblərdə çalışanlar üçün daha çətin idi. Qəfil sual verən şagirdin qarşısında pərt olmamaq üçün Azərbaycan müəllimi siyasətçiyə çevrilmişdi az qala. Bizim nəsil yeni bir nəsil yetişdirdi. Azərbaycan məktəbi hər gün , hər saat şagirdlərimizin qəlbinə, ruhuna damla-damla, qətrə-qətrə düşmənə nifrət, vətənpərvərlik yeritdi, vətənpərvərlik ruhunda nəsillər yetişdirmək üçün uca tariximizi sevdirdi. Hər bir şagirdi müsəlləh əsgər kimi yetişdirdi.

Məktəblərimiz Qarabağı görməyən, amma Qarabağlı olan nəsillər yetişdirdi. Bu nəsillər Vətən yolunda tapdanılan, hörmətsiz edilən məzarlarımızın azad olunması yolunda, erməni əlində qalan  qızlarımızın, gəlinlərimizin namusu yolunda, yerə düşmüş papağımızın yerdən götürülməsi yolunda haqqı-ədaləti bərpa etmək naminə ölümdən qorxmadan əcəl köynəyini geyinməyə hazır olan nəsillər idi. Azərbaycan xalqı heç belə bütöv, tam olmamışdı. Bütövləşdik, tamlaşdıq, düşmənə layiq olduğu yeri göstərdik, tarix yazdıq.

Prezidentimiz İlham Əliyev başda olmaqla Azərbaycan xalqı tarix yazdı. Xalqımız 44 gün ərzində 30 ilin ağrısını, əzabını, nifrətini düşmənin üzərinə tökdü. Qələbə xalqımıza yaraşır. Belimiz dikəldi, ruhumuz dirçəldi, özümüzə qayıtdıq. Və bu qayıdışda Azərbaycan məktəbinin, təhsilinin rolunun böyük olması ilə bir pedaqoq kimi fəxr edirəm.

 

         Bəhram Şiriyev

Bakı şəhəri 276№li tam orta məktəbin direktoru

Əməkdar müəllim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi