Sazın sehri, sözün şöhrəti

           28 oktyabr 2021-ci ildə Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərlinin, Ələsgərşünas, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov və birliyin sədr-müavini Vüsal Əmirovun iştirakı ilə Bakı şəhər Xətai rayon 264 nömrəli məktəb-liseydə Aşıq Ələsgərin 200 illiyinin qeyd olunması ilə bağlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan 264№-li məktəb-liseyin direktoru Sevda Qocayeva bildirdi ki, Azərbaycan Prezidentinin Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı Sərəncamı ölkəmizdə xalq ədəbiyyatına, aşıq sənətinə, milli-mənəvi dəyərlərimizə, bütövlükdə ədəbiyyatımıza, mədəniyyətimizə verilən böyük qiymətin və dəstəyin ifadəsidir.

           Sonra şagirdlərin ifasında Aşıq Ələsgərin şeirləri dinlənildi, sözlərinə musiqilər səsləndirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Azadə Süleymanova çıxış edərək Aşıq Ələsgər yaradıcılığının zənginliyindən danışaraq bildirdi ki, Aşıq Ələsgər Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir.

Ələsgərşünas Nağdəli Zamanov çıxışı ilə Dədə Ələsgərin yaradıcılığından söhbət açaraq, onun zənginliyindən danışdı və nümunələr göstərdi.

Daha sonra Dədə Ələsgər Ocağı ictimai birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərov çıxış edərək tədbir üçün məktəb rəhbərliyinə dərin təşəkkürlərini bildirdi, Aşıq Ələsgərin həyat və yaradıcılığından geniş söhbət açdı. Hədiyyə olaraq Aşıq Ələsgərin şəkil tablosunu məktəb direktoru Sevda Qocayevaya təqdim etdi.

            Sonda aşıq Orxan, aşıq Afil sazda ifalar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi