"Cənnət anaların ayaqları altındadır" adlı musiqili ədəbi-bədii tədbir

Məktəbimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Tədris-Metodik Mərkəzinin təşkilatçılığı ilə “Cənnət anaların ayaqları altındadır” adlı musiqili ədəbi-bədii tədbir keçirildi.Tədbirdə şöhrət ordenli, Azərbaycan Respublikasının xalq artisti Amaliya Pənahova, muğam ifaçısı, xalq artisti Simarə İmanova, Respublikanın əməkdar artisti Teyyub Aslanov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının müəllimi Əlizaman Məmmədov və digər sənət adamları qonaq kimi iştirak edirdilər. Tədbirdə tarix boyu elm və incəsənət sahəsində yüksək nəaliyyətlər qazanmış Azərbaycan qadınları haqqında videoçarx nümayiş etdirildi. Simarə İmanova və Teyyub Aslanovun ifalarında muğam və təsniflər səsləndi.Azərbaycanın xalq artisti Amaliya Pənahova sənət yolunda qazandığı uğurlarla bərabər, Azərbaycan kinosundakı fəaliyyətindən danışdı. Oynadığı obrazları ilə tamaşaçıların qəlbinə yol tapmış tamaşalarından qısa fraqmentlər təqdim olundu.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri G.Hüseynoğlunun “Mücrü” poemasından bir parçanı nümayiş etdirdilər. Tədbirdə 225 və 187 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycanın xalq şairləri B.Vahabzadə, M.Müşfiq və T.Bayramın şeirlərini söylədilər. Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud 2 nömrəli xüsusi internat məktəbinin “Bədii qiraət” dərnəyinin üzvləri hazırladıqları şer kompozisiyasını təqdim etdilər.Öz ifası ilə fərqlənən ADMİU-nun səhnə danışığı kafedrasının müəllimi Əlizaman Məmmədov analara həsr olunmuş şeirlər söylədi. Tədbirin keçirilməsində məqsəd bütün insanlara mərdlik, məğrurluq nümunəsi olan, şəfqətli əlləri ilə saçlarımızı oxşayan, beşiyimizi yelləyib laylalar oxuyan analarımızın qarşısında həmişə məsuliyyətli olmağı və onların zəhmətinə dəyər verməyi aşılamaqdir. Tanınmış sənətkarlarla keçirilən tədbirlər şagirdlərin yaddaşında silinməz iz buraxır.