255№lı tam orta məktəbdə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün 97 – ci ildönümünə həsr olunmuş "31 Mart soyqırımı Azərbaycanın qan yaddaşıdır" adlı tədbir keçirdi.

Tədbiri məktəbin direktoru Məmmədova Mətanət açaraq bildirdi ki, tarixdə çox döyüşlər, müharibələr olmuşdur.Bu müharibələrin törədilməsinin başlıca səbəbləri əsasən hər hansı bir dövlətin başqa bir dövlətə torpaq iddiası, var-dövlət hərisliyi, dünya ağalığı xülyası və s. olub.Bu müharibələrdən ən dəhşətlisi isə hər hansı bir millətin, xalqın kökünü kəsmək, Yer üzündən silmək məqsədini güdən müharibələrdir.Ən pisi də odur ki, soyqırımları törədənin özü ustalıqla maskalanır, öz əməlini, vəhşiliyini ört-basdır edir. Dünya ictimaiyyətini çaş-baş salır, əsrlərlə öz məkrli siyasətlərini yürüdür, nəsilləri bu ruhda tərbiyə edir. Məqam gələndə cildini dəyişə bilir, haqlını “günahkar” kimi qələmə verməyə çalışır, özünə tərəfdarlar tapır.”Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq xülyası ilə məkrli “qonşularımız” məhz belə qırğınlar, soyqırımlar törədənlərin önündə getmiş, bu gün də getməkdədir. Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Lakin onlar bu məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şaiyə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırım başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir. Erməni quldurları Şamaxı qəzasında 58 kəndi, 7 minədək adamı( 1653 qadını, 965 uşağı, 618 kişini), Quba qəzasında 122 kəndi yandırmış, on minə yaxın dinc əhalini vəhşicəsinə qətlə yetirmişlər. Tədbirdə şagirdlər Quba məzarlığını virtual olaraq,izlədilər. Şagirdlər öz hislərini şeirlər,bayatılar vasitəsilə bildirdilər.