AXC-nin 100 illiyinə həsr olunan tədbir

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr edilən “23 səhifə” adlı tədbir keçirilib. Tədbirdə pedaqoji kollektiv, şagirdlər, valideynlər, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin və Nərimanov Rayonu Gənclər İdman İdarəsinin əməkdaşları iştirak ediblər.

Öncə VI sinif şagirdləri “Azərbaycanım” musiqisinin sədaları altında maraqlı fleşmobla qonaqları qarşılayıblar.

Tədbirdə Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə qarşı son anadək apardıqları dönməz və qəti mübarizəsi, Stepan Şaumyanın ciddi cəhdlə AXC-ni devirmək planları, qarşıya qoyduğu sərt məsləyin gündən-günə şiddətləndiyi əks olunurdu. Stalinlə M.Ə.Rəsulzadənin görüş səhnəsində faciəli sonluqla bitən mübarizənin Azərbaycanın istiqlal tarixində şərəfli bir səhifə açdığı vurğulanıb, “Bir kərə yüksələn bayraq, bir daha enməz!” şüarı alqışlarla qarşılanıb.

Tədbirdə həmçinin, bu şərəfli tarixin və faciəli taleyin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu da ön plana çəkilib. Şagirdlər Azərbaycanın bir əsrlik şərəfli dövlətçilik tarixini ardıcıllıqla təcəssüm etdiriblər. Cümhuriyyətin qısa fəaliyyəti dövründə yarımçıq qalmış işlərinin ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirildiyini qeyd ediblər.

Sonra şagirdlər vətənpərvərlik mövzusunda bir-birindən maraqlı ifalar təqdim ediblər.

Tədbirdə çıxış edən məktəbin direktoru Günel Xanlarova, Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi AXC-nin 100 illiyi münasibəti ilə iştirakçıları təbrik edib, belə tədbirləri doğma respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrənmək baxımından yüksək rol oynadığını vurğulayıblar. Qürur hissi ilə söyləyiblər ki, bu gün biz müstəqil, güclü, sürətlə inkişaf edən, dünya arenasında öz sözünü deyən Azərbaycanda yaşayırıq və öz tariximizlə fəxr edirik.

Sonda tədbirin xoş təssüratı xatirə şəklində əbədiləşib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi