Xocalı faciəsi yaddaşlarda

Nərimanov rayonu 177 nömrəli tam orta məktəbində XX əsrin faciəsi olan Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Mərasim Xocalı şəhidlərinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan məktəbin dil ədəbiyyat müəllimi Nazilə Rəsul qızı Əliyeva qeyd etdi ki 1992-ci fevralın 25-dən 26-na keçən gecə azğın erməni yaraqlıları və MDB-yə məxsus 366-cı motoatıcı alayı Xocalı şəhərini və sakinlərini gülləbaran etdilər. Onlar şəhəri mühasirəyə alaraq dörd tərəfdən əliyalın insanları süngüdən keçirdilər.
Sovetlər dönəmində erməni hiyləsinə tuş gələn Xocalı aeroportunun komendantı Əlif Hacıyev Xocalının müdafiəsində son nəfəsinədək vuruşaraq qəhrəmancasına həlak olmuşdur. Xocalının müdafiəsində 7 Milli Qəhrəman iştirak etmişdir. Onlardan biri Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı sakinini əsirlikdən xilas etmişdi. Müəllim bir daha nəzərimizə çatdırdı ki, bu faciəni lentə alıb, xalqa, dünyaya çatdıran isə telejurnalist Çingiz Mustafayev oldu. O gündən bu günədək müxtəlif xarici dövlətlərdə yaşayan Azərbaycalılar “Xocalıya ədalət” kompaniyası şüarları ilə çıxış etməyə başladılar.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı faciəsini ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım aktı kimi qəbul etdi. O vaxtdan 26 fevral soyqırım günü kimi qeyd olunur. Müəllim diqqətimizi 44 gün davam edən və Zəfər paradı ilə başa çatan qələbəmizə yönəldərək bu işdə bizə dəstək olan türk ordusunun xüsusi rolunu vurğuladı:
Bir zaman hökm eləyib gündoğandan batıya,
Kimdi o vaxtlar batan Çingiz xana Batıya.
Atatürkün, Heydərin çıxan olmaz qatına,
Həqiqətdən yoğrulub həqiqətdir təhəri,
Həqiqət yolçusudur türk oğlu türk əsgəri.
Müəllim bir daha tövsiyə etdi ki, “Qarı düşmən dost olmaz”, heç zaman bu faciəni yaddan çıxarmayaq və çalışaq ki, onlar öz layiqli cəzalarını alsınlar.
Mərasimdə 6 a sinif şagirdləri Xocalı haqqında müxtəlif məzmunlu çıxışlar edərək şeirlər söylədilər.