Q A N L I Y A N V A R F A C İ Ə S İ Y A D D A Ş L A R D A

13 yanvar 2021-ci il tarixdə 177 nömrəli tam orta məktəbində sinif rəhbəri Nazilə Əliyevanın təşkilatçılığı ilə 6a sinfində “Qanlı Yanvar faciəsi yaddaşlarda” adlı onlayn sinif saatı keçirildi. Sinif saatının bu mövzuya həsr olunmasında əsas məqsəd şagirdlərə “20 Yanvar faciə” sini bir daha xatırlatmaq və bu faciənin yaddaşlardan silinməyəcəyini, düşmənə qarşı barışmaz mövqedə olduğumuzu çatdırmaqdan ibarət idi.

Sinif saatı Ümummilli Lider Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin və Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlandı.

Müəllim 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin Azərbaycan xalqına fəlakət gətirdiyini vurğulayaraq qeyd etdi ki, “Bizim güvəndiyimiz  XI Qızıl Ordu” Bakı şəhərinə daxil olaraq əliyalın xalqa divan tutdu. Həmin gün qoca nənə, babalar, məktəblilər, tələbələr insanları xilas etməyə çalışan sürücülər və təcili yardım həkimləri qətlə yetirildilər.

Sovet dönəmində Rusiyada hərbi qulluq keçmiş gənc vətənpərvər İlham Allahverdiyev də bu hərbçilərə etiraz etmək istəyəndə onun da həyatına qəddarcasına son qoydular. Bu dərdə dözə bilməyən onun həyat yoldaşı, 6 ayın gəlini Fərizə Allahverdiyeva da həyat yoldaşının yolunda özünə qəsd etdi. O gündən “Fərizə-İlham” sevgi dastanı dillərdə əzbər oldu.

Müəllim bir daha xatırlatdı ki, indiki “20 Yanvar” meydanında yerləşən binaların üzərinə güllə izləri həkk olunmuşdu. Bu görünüş vaxtilə xalq şairi Səməd Vurğunun yazdığı poemanın sözləri ilə necə də uzlaşırdı:

                       “Bakının dərdi var, Bakı xəstədir,

                        Könül intizarda, göz yol üstədir.

                       Soyuq divarlarda güllə nişanı

                      Didir, parçalayır insan insanı”.

 

Elə həmin gündə məscidlərimizdə analar, bacılar vətən oğullarına ağılar deyib onları oxşadılar:

 

                     “Maral durduğu yerdə,

                      Boynun burduğu yerdə,

                     Əli qurusun ovçunun,

                    Səni vurduğu yerdə”.

 

                 “Mən aşiqəm gün üzü,

                  Duman tutsun gün üzü,

                 Düşmən bir dərdə düşsün,

                Heç görməsin  gün üzü”.

 

Zamanında Türkiyə Cümhuriyyətinin banisi M.K.Atatürk deyirdi: “Haydi çocuklarım, ya şehit olalım, ya qazi. Her ikisi de şereftir. Ancak şehit olmak için babalarımızın uyudukları toprağı korumak gerektir”.

Bəli, müstəqillik uğrunda şəhid olanlar Dağüstü Parkda dəfn olundular.

Ümummilli Lider həmin dövrdə çətin şəraitdə Moskva şəhərində mətbuat konfransı keçirərək bu insanlığa sığmayan vəhşilikləri qətiyyətlə pisləyərək, buna etiraz etdi. Daha sonra ikinci dəfə hakimiyyətə qayıdışında bu faciənin siyasi qiymətini verdi və o gündən 20 Yanvar günü Şəhidlər xiyabanı ziyarətgahımıza çevrildi.

Sinif saatında şagirdlər 20 Yanvar şəhidlərinə, qanlı qərənfillərə aid şeirlər söylədilər. Videoçarxlarda Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar mövzusunda çıxışları və telejurnalist V.Mustafayevin bu mövzuya aid çəkilmiş telefilmi nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi