Bullinq nədir?
Bullinq güc bərabərliyinin olmadığı, davamlı, zərərverici və ya narahat edən aqressiv davranışlardır. Bugünkü cəmiyyətdə bullinq davranışı geniş yayılmışdır. Bir çox insanlar belə hesab edirlər ki, bu qaçılmazdır. Halbuki, belə hesab edilməməlidir. Çünki bu hal bullinq olunan şəxsdə həm təhqir olunan zaman, həm də həyatının növbəti mərhələlərində ciddi və uzunmüddətli fiziki və psixoloji təsirlərə səbəb ola bilər. Həm bullinq edən, həm də bullinq davranışına şahid olan şəxslər də bir sıra mənfi təsirlərdən əziyyət çəkə bilər.
Bu davranışların bəzi hallarda bullinq olmadığını vurğulamaq vacibdir. Bəzən uşaqlar arasında qarşılıqlı münaqişələr ola bilər. Bununla yanaşı, güc bərabərliyi olmayan hər vəziyyəti də bullinq adlandırmaq olmaz. Həmçinin bir uşağın fərqli insanlara qarşı aqressiv davranışı davamlı deyilsə, onu bullinq adlandırmaq olmaz. Uşaqlar arasında bəzən qruplaşmalar, küsülülüklər və ya bir-birlərini bəyənməmək ola bilər. Bu vəziyyət qəsdən və təkrarlanandırsa bullinqin tərifinə uyğundur.
Gəlin bullinq anlayışının necə elmə gəldiyinə diqqət edək. 1970-ci illərdə Psixologiya üzrə professor Dan Olveus bullinqlə mübarizə mövzusunda ilk elmi araşdırma olan bullinqin tərifi və miqyası ilə bağlı layihələr etməyə başladı. Ancaq bullinq mövzusu 1983-cü ildə aktuallaşdı. Həmin ildə Norveçdə 10-14 yaşlarında olan üç oğlan intihar etmişdi. Təhsil Nazirliyi bu məsələnin araşdırılması üçün Dan Olveusdan dəstək aldı. Keçirilən tədqiqatlar nəticəsində məlum oldu ki, uşaqların intiharına həmyaşıdlarının təzyiqi və təhqirləri səbəb olub. Bundan sonra Olveus məktəblərdə tətbiq etmək üçün sistematik “Olveus bullinqin qarşısının alınması proqramı”nı (Olweus Bullying Prevention Program) hazırladı. Bu profilaktik proqram ilə məktəblərdə həmyaşıdlar arasındakı bullinqin iki il ərzində 50% azaldığı müəyyən edildi.
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Bullinq nədir? mövzusunda tədbir keçirildi. Bullinq nədir? mövzusunda təqdimat nümayiş etdirildi və mövzu ətrafında müzakirələr aparıldı, fikir mübadiləsi edildi. “Mənimlə danış” videoçarxı nümayiş etdirildi. Tədbirdə 9-cu sinif şagirdləri, məktəbin direktoru Zemfira Məsiyeva, təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, müəllimlər iştirak edirdi.