Şəhid məzunlara həsr olunmuş abidənin açılış mərasimi keçirildi
12 aprel 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə məktəbin adını daşıyan Zaur Məmmədovun şəhid olmasının 25-ci ildönümü ilə əlaqədar olaraq “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” adlı anım tədbiri keçirildi. Anım tədbirində Zaur Məmmədovun bacısı Venera Məmmədova, İlham Məmmədovun bacısı Gülarə Məmmədova, Akif Məhərrəmovun qardaşları - Lider TV-nin əməkdaşı Malik Məhərrəmov, Prezidentin və Silahlı Qüvvələrin Fəxri təqaüdçüsü, 20 yanvar 1990-cı və 1992-ci il Xocalı faciəsinin I qrup Vətən Əlili, “Azərbaycanın Milli Qəhrəmanı” Fəxri adından rəsmən imtina edən Respublika “Vətənpərvərlər“ cəmiyyətinin sədri Arif Vəli oğlu Məhərrəmov, Elşən Məhərrəmov və şəhidlərin digər yaxın qohumları, "Veteran tankçılar birliyi"nin üzvləri, məktəbin “Şahinlər” komandasının, “Narahat ürəklər” təşkilatının üzvləri, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdi.
Tədbirdə ilk öncə məktəbin direktoru Zemfira Məsiyeva çıxış edərək məktəbin şəhid məzunları haqqında məlumat verdi. Şəhidlərin doğmaları onlar haqqında xatirələrini bölüşdülər, abidənin açılışını təşkil etdiklərinə görə məktəbin direktoruna və kollektivinə minnətdarlıqlarını bildirdilər.
Tədbir iştirakçıları abidənin önünə tər qərənfillər düzdülər. Məktəbin kollektivi adından abidə önünə əklil qoyuldu.
Azərbaycan Respublikasının Dövlət Himnin oxunması ilə başlayan tədbir, şagirdlərin vətənprəvər ruhda ifa etdikləri mahnılar və söylədikləri şeirlərlə davam etdi.
Sonda şagirdlər Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə məktəbin həyətində yürüş etdilər.