“Milli və mənəvi dəyərlərimizi qoruyaq”
“Milli-mənəvi dəyərlərimizi, tariximizi bilməyən gənc vətənpərvər ola bilməz.” Heydər Əliyev .
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində bir sıra mühüm vəzifələr həyata keçirilməyə başladı. Bu zəmində əldə edilən nailiyyətlər milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin etməyə yönəldirdi. Bu dəyərlərin cəmiyyətə çatdırılması, təbliğ olunması istiqamətində ziyalıların, ilk növbədə təhsil işçilərinin üzərinə mühüm vəzifələr düşür.
Xalqımızın mənəviyyatını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Prezident İlham Əliyev dəfələrlə Azərbaycan xalqının hər zaman milli mənəvi dəyərlərinə sadiq olduğunu söyləyib. Təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc nəslə milli dəyərlərin aşılanması, onların vətənpərvər ruhda yetişməsi müəllimlər qarşısında duran ən böyük vəzifə və mənəvi borcdur.
Vətənpərvərlik, ləyaqət, mənəviyyat, milli ruh, milli qürur, milli dəyərlər-budur bizim cəmiyyətimizin əsasları. Bəzi xarici qüvvələr bu əsasları sarsıtmaq, bizi öz köklərimizdən ayırmaq istəyirlər. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli mənliyimizi, dilimizi, dinimizi, adət-ənənələrimizi qorumuşuq. Bu gün də qoruyuruq və qoruyacağıq. Gənc nəsil vətənə bağlı, vətənpərvər, vətəni hər şeydən üstün tutan insanlar olmalıdır.
14 fevral 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə tarix müəllimi, “100 Ən yaxşı müəllim müsabiqəsi”nin qalibi, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, orta məktəbin tarix dərsliklərinin həmmüəllifi, çoxlu sayda müsabiqələr qalibi, mükafatlar qazanmış Əlişova Həcər Kəmaləddin qızı tərəfindən məktəbdə yaradılmış milli mənəvi dəyərləri özündə saxlayan, “Azərbaycan tarixi” guşəsində Həcər Əlişova tərəfindən “Açıq dərs” keçirildi. “Açıq dərs”də Həcər Əlişova guşədə olan bütün qədim əşyalar barədə 5 c sinif şagirdlərinə ətraflı məlumat verdi. Şagirdlər tərəfindən verilən sualları geniş şəkildə cavablandırdı. “Açıq dərs” şagirdlər tərəfindən çox maraqla və sevinclə qarşılandı. Sonda şagirdlər tarixi əşyalar barədə ətraflı və məzmunlu məlumat verdiyi üçün tarix fənni üzrə metodbirləşmə sədri Həcər Əlişovaya təşəkkürlərini bildirdilər.