Şagirdlərin sinfə xatirə hədiyyəsi
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin Azərbaycan bölməsinin 4 “c” sinfi Bakının 9-cu mikrorayonunda yerləşən “Smart Kids” Uşaq Sənətkarlıq emalatxanasında keramika və dulusçuluq üzrə ustad dərsində (master klasda) iştirak etmişlər. Sinif rəhbəri Rəmziyyə Həbilova tərəfindən təşkil olunmuş emalatxanaya ekskursiya həyat bilgisi və texnologiya fənnlərarası təlim məqsədi daşıyır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunları tərəfindən keçirilmiş master klas zamanı şagirdlər gil, gips, mərmər, qranit və digər materiallar üzərində yaradılan sənət işləri ilə tanış olmuş, onlara bu peşə ilə məşğul olmağın yolları öyrədilmişdir. Ustadlar bildirmişlər ki, gil sənətkarlıqla tükənməz möcüzələrin mənbəyidir. Torpaqdan əldə olunan bu palçıqla çalışmaq, ələ toxunaraq onu ruhən hiss etmək və ondan zövq oxşayan müxtəlif formalar düzəltmək uşaqların daxili istedadlarını üzə çıxarmağa, onlarda şəxsi keyfiyyətlərini kəşf etməyə və özünəəminliyi artırmağa kömək edir.
Uşarları ruhən dincəldən bu təcrübələr zamanı dulusçuluq dəzgahında gillə işləmək şagirdlərə xüsusi zövq vermişdir. Master klasın sonunda məktəblilər keramikada gildən düzəltdikləri əl işlərini hədiyyə olaraq əldə etmişlər. Dulusçuluq dəzgahında düzəldilmiş qablardan ən xoşagəlimlisi isə sinfə xatirə hədiyyəsi olaraq təqdim olunmuşdur