6-cı siniflərdə böyük summativ qiymətləndirmə keçirildi
Xətai rayonu 171 nömrəli tam orta məktəbdə yanvarın 15 – də VI sinif şagirdləri üçün I yarımilin tədris materialları əsasında məktəbdaxili (böyük summativ) qiymətləndirmə keçirilmişdir. Qiymətləndirmənin keçrilməsində əsas məqsəd I yarımil üzrə standartların mənimsənilməsi istiqamətində VI sinif şagirdlərinin əldə etdiyi irəliləyişləri dəyərləndirmək və şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaq olub. Məktəbdaxili sınaq qiymətləndirilməsinin keçirilməsi üçün test tapşırıqları həm Azərbaycan, həm də rus bölmələri üçün iki variantda, I yarımilin tədris materialları üzrə Ana dili, riyaziyyat, Azərbaycan tarixi, İngilis dili, fizika və biologiya fənnlərindən məktəbin təcrübəli müəllimləri tərəfindən hazırlanmışdır. Rus bölməsində tapşırıq kitabçasına əlavə dövlət dili kimi Azərbaycan dilindən tapşırıqlar daxil edilmişdir. Sınaq qiymətləndirilməsinin təşkili və keçirilməsi həm şagirdlərin, həm də valideynlərin böyük marağına səbəb olmuş və məktəbin VI siniflərində təhsil alan Azərbaycan bölməsinin 92 şagirdi, Rus bölməsinin 70 şagirdi qiymətləndirmədə iştirak etmişdir. Azərbaycan bölməsində 100 tapşırığın icrası üçün şagirdlərə 2 saat 15 dəqiqə, rus bölməsində isə 110 tapşırığın icrası üçün şagirdlərə 2 saat 30 dəqiqə vaxt verilmişdir. Nəticələr, onların statistik təhlili iki gün ərzində şagirdlərə və valideynlərə təqdim olunacaq. Nəticələr yanvar ayında keçiriləcək pedaqoji şurada müzakirə ediləcəkdir.