“QURUMAYAN GÖZ YAŞIMIZ - XOCALI” adlı ədəbi-bədii gecə keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 fevral 2018-ci il tarixli F55 №-li əmri ilə təsdiq edilmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı Soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən 21 fevral 2018-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “QURUMAYAN GÖZ YAŞIMIZ - XOCALI” adlı ədəbi-bədii gecə keçirildi.
Məktəbin direktoru Zemfira Məsiyeva çıxış edərək gələn qonaqları salamladı, tədbirdə iştirak etdikləri üçün onlara öz təşəkkürünü bildirdi. Xocalı Soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu qeyd edərək tədbiri açıq elan etdi.
Gecədə Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva Xocalı Soyqırımı haqqında çıxış edərək bu soyqırımın dünyada tanıdılması üçün görülən işlərdən danışdı.
Tədbirin qonağı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xocalı Soyqırımının heç vaxt yaddan çıxmayacağını vurğulayaraq bu dəhşətli faciə barəsində öz fikirlərini iştirakçılarla bölüşdü.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun baş məsləhətçisi Rəhman Baxşəliyev iştirak etdi.
Tədbirdə Xətai rayonu İcra hakimiyyəti başçısı aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd İbrahimov, Xətai rayon FHN-nın MM qərərgahının rəisi Rəfael müəllim, Xətai rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşı, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Xətai rayon bölməsinin əməkdaşı, Xətai rayon Polis İdarəsinin və 35-ci Polis bölməsinin əməkdaşları, Xətai rayon İdman və Gənclər İdarəsinin əməkdaşı, Xətai rayon 204, 221, 55 nömrəli tam orta məktəblərin direktorları, Böyük Vətən Müharibəsi veteranları, Qarabağ döyüşlərində iştirak etmiş müharibə veteranları, media əməkdaşları iştirak etdilər.
Tədbirdə məktəbin şagirdləri tərəfindən Xocalı Soyqırımını əks etdirən epzodlar canlandırıldı. Xocalı Soyqırımını əks etdirən videoçarx təqdim olundu. Məktəblilər Xocalı Soyqırımına həsr olunmuş şeirlər söylədilər, onların ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndi. Xocalı Soyqırımı şahidlərinin faciə barədə soylədikləri fikirlər videoçarx vasitəsilə gecə iştirakçılarına nümayış olundu.
Soyqırımda həlak olmuş 63 uşağın ruhlarına bənzədilmiş ağ şarlar balaça mələklərin əlindən havaya uçurduldu.
Məktəbin şagirdləri adından Xocalı Soyqırımının tanınması üçün bütün dünya uşaqlarına ünvanlanmış və qəbul edilmiş müraciət tədbir iştirakçılarına oxundu.
Tanınmış incəsənət ustalarının ifasında vətənpərvərliyə həsr olunmuş mahnılar səsləndi.
Tədbirin sonunda Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin və “Mahir nişançı” güllə atıcılığı yarışının qalibləri Xətai rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular. Diplomları Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşı və müharibə veteranları təqdim etdilər.
Ədəbi-bədii gecədə şagirdlərlə bərabər məktəbin müəllimləri, valideynlər iştirak edirdilər.