"Mərhəmət dünyanı xilas edəcək"
Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə yeni bir layihəyə start verildi. Məktəbin 8 və 9 - cu sinif şagirdlərindən ibarət könüllüləri məktəbin direktoru Zemfira Məsiyevanın təşəbbüsü ilə yaradılmış "Narahat ürəklər" şagird təşkilatına üzv seçildilər. Təşkilatın yaradılması ilə bağlı işlər 2016-2017-ci tədris ilindən başlanmışdır. Ötən il qayğıya ehtiyacı olan şagirdlərin çantalarının siniflərə aparılması prosesi məktəbin müəllimləri tərəfindən həyata keçirilirdi. Yaradılmış təşkilatın üzvləri bu işi özləri həyata keçirmək istədiklərini bildirdilər. Bundan əlavə üzvlər məktəbin şəhid məzunları haqqında məlumatların toplanılması, qayğıya ehtiyacı olan şagirdlərin ailələri ilə görüşləri təşkil etməyi qarşılarına hədəf kimi qoymuşlar.